

2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət
və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm
verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası Ümummilli Lider Heydər Əliyev
tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu
Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü
elan edilib. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən, Azərbaycanda baş verən
ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da
dəyişməyə başladı. Bütün bunları bilən Ümummilli Liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil
formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik
yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu
siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama
əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu
forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil
Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə
gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün
ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Hazırda ölkəmizdə gənclər
siyasəti uğurla həyata keçirilir. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz
qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili,
sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər
təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin
nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə “Gənclər ili” elan
olunması da Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı,
sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün
istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət
qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə
gənclərin xidmətlərinə verilən qiymətin nəticəsidir. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək
dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə
çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri
sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli
Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını
xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı
Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi
torpaqlarımıza qovuşdu.
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən
rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində
torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində,
doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı
gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
Mahir Zahidov,
Sabirabad rayonu, Mil-Muğan Regional Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri