isaznow.com
Az Iw En Ru

Yeni hədəflər, yeni enerji layihələri

Azərbaycanın milli maraqlar üzərində qurulan dövlət siyasəti regional və qlobal miqyasda
əməkdaşlığın möhkəmlənməsinə davamlı töhfələr verir. Bu dövlət siyasətinin mühüm
komponentlərindən sayılan enerji siyasətimiz isə beynəlxalq əməkdaşlığın inkişaf edən xəttlə artmasında
mühüm amilə çevrilir. Təkcə 2023-cü ilin başlanmasının ardından Prezident İlham Əliyevin bir sıra
mühüm iqtisadi platformalarda iştirakı, Azərbaycanın gələcəyə hədəflənmiş enerji siyasəti ilə bağlı
fikirləri və bu hədəflərin qlobal əməkdaşlığın daha da möhkəmlənməsində oynayacağı rol
ölçüyəsığmazdır. Meydana çıxan yeni çağırışların qlobal həmrəyliyə transformasiyasına nail olmaq üçün
mühüm təşəbbüslər irəli sürülür – yeni mərhələdə yeni enerji sektorunun inkişafı ilə bağlı müzakirələr
aparılır. Xoş mərama əsaslanan bu təşəbbüslər əksər dövlətlər və beynəlxalq təşkilatlar səviyyəsində
yüksək dəyərləndirilir ki, bu da ölkəmizin və onun Liderinin dünyada getdikcə artan nüfuzuna dəlalət
edir. Davosda keçirilən son Qlobal İqtisadi Forum bu mənada xüsusilə seçilir. Ölkə Prezidentinin
Forumun işində iştirakı, keçirdiyi görüşlər, verdiyi müsahibələr bir daha onu göstərir ki, Şərq ilə Qərbin
qovşağında yerləşən Azərbaycan həm də iqtisadi əlaqələrin təmərküzləşməsində, genişlənməsində əsaslı
rol oynayır.    
Azərbaycan öz ənənəsinə sadiq qalaraq qlobal enerji siyasətində yüksək həmrəylik, fəallıq
nümayiş etdirir. Ötən dövr ərzində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol
əhəmiyyətli şəkildə seçilir. Bu fakt bir daha ölkəmizin həyata keçirdiyi qlobal miqyaslı layihələrin
həyati əhəmiyyət daşıdığını göstərir: "Azərbaycan dövləti yürütdüyü uğurlu xarici siyasət kursu
nəticəsində bu gün həm Şərqin, həm də Qərbin timsalında mühüm iqtisadi, siyasi tərəfdaşa çevrilib.
Əbu-Dabi Dayanıqlılıq həftəsində iştirakımız, bu tədbirdə yüksək səviyyədə  qəbul və təmsil
olunmağımız bu faktı bir daha təsdiqləyir. Eyni zamanda Davos Qlobal İqtisadi Forumu hər zaman
olduğu kimi Azərbaycanın irəli sürdüyü layihələrlə rəngarənglik qazanır. Ümumiyyətlə, ilin əvvəlindən
fərqli platformalarda uğurla təmsil olunmağımız, irəli sürdüyümüz iqtisadi layihələrlə qlobal əməkdaşlıq
mühiti formalaşdırmağa çalışmağımız Azərbaycanın beynəlxalq nüfuzunu bir daha ortaya qoyur.
Naqil İsgəndərov,
Sabirabad rayonu Həşimxanlı kənd tam orta məktəbinin direktoru


16:24 24.01.2023