

Davos Dünya İqtisadi Forumu 53-cü toplantısını başa vurdu. Builki Forum Azərbaycana, dövlət
başçısı İlham Əliyevə hörmətin və rəğbətin daha da artdığını nümayiş etdirdi. Qeyd edək ki, bu,
Prezident İlham Əliyevin İsveçrəyə 19-cu səfəri idi. Dövlət başçısı 15 dəfədir ki, Davos Dünya İqtisadi
Forumunda iştirak edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Davos Forumunda iştirakı hər
zaman çoxsaylı yüksək səviyyəli görüşlərlə yadda qalır. Bu dəfəki Forum da istisna olmadı. Bu
görüşlərin təşəbbüskarları bir qayda olaraq qarşı tərəflər oldu. Bu, bir tərəfdən Prezident İlham Əliyevin
şəxsiyyətinə hörmətin və rəğbətin göstəricisi, digər tərəfdən isə ölkəmizdə xarici investisiyalar üçün
yaradılmış münbit şəraitin sübutudur. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artması da bunun
göstəricisidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bu rolun artan
istiqamətdə davam etməsi Avropa İttifaqı rəsmiləri tərəfindən müxtəlif sessiyalarda xüsusi vurğulandı.
Avropanın enerji təchizatında mühüm istiqamət olan elektrik enerjisi ilə təminatda da Azərbaycanın rolu
yüksək qiymətləndirildi.
Azərbaycanın xarici investisiyalara birbaşa açıq olması və bu istiqamətdə ölkəmizin cəlbediciliyi
Davos Forumu çərçivəsində aparılan müzakirələrdə xüsusi qeyd edildi: “İqtisadiyyatın müxtəlif
sahələrində, o cümlədən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrası ölkəmizin imkanlarını
artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycanda tranzit
potensialının reallaşdırılması istiqamətində də mühüm layihələr icra edilir və nəticələr göz önündədir.
Hazırda iqtisadi siyasətin prioritetləri iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun
inkişafıdır. Reallıq budur ki, əldə etdiyimiz real uğurlarla yanaşı, çağırışlarla da üzləşirik. Azərbaycan
bütün çağırışları yüksək səviyyədə cavablandırmaq üzün səylərini artırır, əməkdaşlıq əlaqələrinin
coğrafiyasını daha da genişləndirir.
Davos Dünya İqtisadi Forumumun hər il keçirilən toplantısı həm müzakirəyə çıxarılan
məsələlərin aktuallığı, eyni zamanda, iştirakçıların say tərkibində artımın olması ilə diqqətdə olur. Bu,
onu göstərir ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq
münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında
önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər
qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin
bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Dövlət başçısı İlham Əliyev hər
dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə
ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin
əhəmiyyətini dünya liderlərinin, ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə isə postmüharibə dövründə
işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional
layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş
kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzində oldu. Bir sözlə, Forum Azərbaycana marağın yüksək
səviyyədə olduğunu nümayiş etdirdi.
Mirtaleh Ağazadə,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru