

Yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq”
devizi altında Dünya İqtisadi Forumu (DİF) keçirilir. Tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19
mərkəzi bank rəhbəri, 30 ticarət naziri və 35 xarici işlər naziri, həmçinin Birləşmiş Millətlər Təşkilatı,
Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi
Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında
iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanda bütün zəruri infrastruktur
obyektlərinin daha çox yük qəbul etməyə hazır olduğunu bildirmişdir: “Yükaşırma qabiliyyəti 15 milyon
ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi
Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur”
Son illər nəqliyyat sahəsindəki inkişaf ixracımızı şaxələndirməyə imkan verəcək. Mövzu ilə
bağlı çıxış edən dövlət başçımız bildirmişdir: “Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu
yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında
yerləşən azad zonanın açılışı olacaq”.
Azərbaycan Prezidenti qeyd edib ki, Qafqazın üç ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik
və sərhədlərin delimitasiyası kimi məsələlərdə səylərini birləşdirsə, region daha təhlükəsiz olar.
Dövlətimizin başçısı deyib: “Mən dostum İrakliQaribaşvilinin səylərini yüksək qiymətləndirirəm. Onun
himayəsi altında Gürcüstan xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər
nazirlərinin görüşü təşkil edildi. Bizim təklifimiz ondan ibarət idi ki, Gürcüstanda liderlərin görüşü
təşkil olunsun. Çünki tarixən Gürcüstan bütün qonşuların bir araya gəldiyi ölkə olub. Lakin Ermənistan
buna hazır deyil. Bu, potensial risklərdən biridir”.
Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycanın gərgin çalışdığını bildirən
Prezident İlham Əliyev mövzu ilə bağlı qeyd etmişdir: “TANAP-ı 16 milyard kubmetrdən 32 milyard
kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız
iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə
tələb olunacaq və biz buna hazırıq”.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri