isaznow.com
Az Iw En Ru

Vasif Talıbovun adamları fəallaşdı və jurnalistə hücum etdi

“Naxçıvan “leşyeyənləri”nin troll dəstəsi statuslarımın altında məni və rəy yazanları ağır söyüş yağmuruna tutur”.

Bu sözləri jurnalist Heydər Oğuz özünün feysbuk hesabında yazıb. Jurnalist bildirib ki, məqsəd onu öz fəaliyyətindən uzaqlaşdırmaq və izləyicilərini ondan usandırmaqdır:

“Təbii ki, belə əxlaqdankənar metodlarla haqqın təcəllisinin qarşısını ala biləcəklərini düşünənlər yanılırlar və mən öz mövqeyimdən geri çəkilməyəcəyəm. Facebook da mənim sizlərə xitab etdiyim yeganə platforma deyil və müxtəlif vasitələrlə sizlərin qarşısına çıxıb öz fikirlərimi səsləndirəcəyəm. Sizdən isə bir təvəqqem var: Tərbiyəsiz insanların söyüşü məni incitməz. Mən hələ gənc vaxtlarımdan Yunus İmrənin

“Söyənə dilsiz gərək,
Döyənə əlsiz gərək,
Dərviş könülsüz gərək”, – prinsipini əldə rəhbər tutmuşam və fəaliyyətimi bu istiqamətdə davam etdirmişəm. Siz də tərbiyəsiz insanlara baş qoşub onların fəaliyyət sahəsini genişləndirməyin.

Sizlərə istəmədən yaşatdığım mənəvi əziyyətlərə görə dönə-dönə üzr istəyirəm. Siz də qəbul edin ki, söyüş zəiflərin silahıdır və saxta profillərin arxasında gizlənib bizi söyürlərsə, deməli zəifliklərini etiraf edirlər. Və onu da unutmayın ki, bar verən ağaca daş atarlar”.

 

Vasif Talıbovla bağlı proseslər başlayandan onun tərəfdarları sosial şəbəkələrdə sakit dayanmışdılar. Onlar heç kimi hədələmir, söymürdülər. Maraqlıdır ki, Rza Talıbovun Şəhidlər Xiyabanında görünməsi ilə jurnalistə hücumun başlaması eyni gündə olub.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Globalinfo.az-a son açıqlamasında maraqlı məqamlara toxunub. O deyib ki, səslənən bütün iddialara baxmayaraq heç nə dəyişmir: “Baxın, Talıbovun oğlu bu gün 20 Yanvar ilə əlaqədar Bakıda peyda oldu.

Ümumiyyətlə mən 20 gün öncə də demişdim ki, onun həbsi illüziyalardır. Müəyyən qüvvələr onun arxasında durur. Heç nə olası deyil. Hələlik Talıbov haqda deyilənlər reallaşmır. O yenə villalarında yaşayır. Övladları hələ də vəzifədədir.

Biz bir növ özümüz-özümüzü aldadırıq. Özümüzə əziyyət verir, hər şeyi deyirik, onun qohumları ilə pis oluruq. Arada olan xətir, hörmət pozulur. Görünür belə bir oyun qurulub. Vasif Talıbova toxunulmayacaq”.


17:14 21.01.2023