

Coğrafi baxımdan əlverişli ərazidə yerləşməsi, yeraltı və yerüstü sərvətlərinin zənginliyi xarici
qüvvələrin hər zaman Vətənimizə göz dikməsinə səbəb olmuş, belə bir ərazini əldən buraxmamaq və ya
əsarətdə saxlamaq üçün müxtəlif üsullarla əl atmalarına gətirib çıxartmışdır.
Xalqımızın qan yaddaşına yazılan 20 Yanvar faciəsi zaman etibarilə bizdən uzaqlaşsa da, sanki
dünən baş verib. Bakıda Qanlı Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, onun ağrı-acıları bu
gün də qəlbimizi göynədir, qırmızı qərənfillərə bürünmüş şəhid cənazələrini çiyinlərində aparan insan
seli, izdiham hər zaman gözümüzün önündədir. O gecə Bakı qan içində boğuldu. Azərbaycan 73 il əvvəl
olduğu kimi, yenə faciəyə düçar edildi. Xalqımızın haqq səsini boğmaq istəyən o zamankı Kreml
rəhbərləri Bakıda Qanlı Yanvar qırğınını törətdi.
XX əsrin sonlarında Azərbaycan xalqının yaşadığı 20 Yanvar faciəsi keçmiş Sovet İttifaqının
siyasi iflası dövründə Moskva rəhbərliyinin sadəcə bir cinayət əməli olmayıb. Bu əməl rus, erməni
şovinizminin xalqımıza qarşı növbəti etnik vəhşiliyi idi. Həmin dövrdə yenidənqurma siyasəti, yəni,
demokratikləşmə prosesi təkcə Azərbaycanda deyil, digər ittifaq respublikalarında da gedirdi. Sovet
rəhbərliyi ölkədə baş verən demokratik hərəkatlara qarşı güc tətbiq etmişdi. Lakin bu digər respublikada
heç də Azərbaycanda olduğu kimi böyük faciəyə səbəb olmadı. Faciənin böyüklüyü bir tərəfdən o
zamankı Azərbaycanın siyasi rəhbərliyinin səriştəsizliyi və fitnəkarlığı ilə izah olunsa da, digər tərəfdən
rus, erməni şovinizminin birləşməsi kimi də izah olunmalıdır. Bu şovinizm 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə Bakıya bir gecəlik çıxarılan xüsusi təyinatlı, xüsusi amansızlıqları ilə seçilən hərbi
birləşmələrin milli tərkibinin erməni mənşəli olmasında və onların istifadə etdikləri silah-sursatın
öldürücü xüsusiyyətlərinə görə beynəlxalq hüquq normaları ilə istifadəsi qadağan edilmiş hərbi təchizat
olmasında özünü göstərirdi.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə - o qanlı şənbə gecəsi imperiya silahlarından
əliyalın, silahsız millətimizin üzərinə güllə yağmuru yağdı. Bu güllələr 70 illik imperiya zülmətindən
sıyrılıb öz müstəqilliyinə doğru addımlayan xalqımızın azadlıq arzusuna atılırdı.
Heç kəsə aman vermədən, heç kəsə rəhm etmədən, ağzı süd qoxulu günahsız körpələrimizdən müdrik
ağsaqqallarımıza, ağbirçəklərimizə, cavanlarımızadək qarşılarına çıxan bütün dinc əhali gülləbaran
edildi.
Qeyd etdiyimiz kimi, əksəriyyəti ermənilərdən ibarət olan Sovet ordusunun törətdiyi qətl və
cinayətlər yanvarın 20-dən sonra da davam etdi. Keçmiş İttifaqın rəhbəri, bu qırğınların törədicisi
M.Qorbaçovun ən yaxın məsləhətçilərindən biri olan akademik A.Aqanbekyanın hələ 1987-ci ilin
noyabrın ortalarında Fransanın erməni institutu assosiasiyasının üzvləri ilə görüşərkən guya Qarabağın
qədim erməni torpağı olduğunu iddia etməsi qanlı faciələrə başlamaq üçün bir siqnal idi. Qorbaçova
yaxın olan Brutens, Şahnazarov, Sitaryan, Xaçaturov və digər qatı şovinist erməni emissarlarının
Qarabağı Azərbaycandan qoparmaq üçün sonadək mübarizə aparacaqları xarici dövlətlərə və oradakı
kəşfiyyat orqanlarına yaxşı məlum idi. Qorbaçov özü də artıq ermənilərin dirijor çubuğu ilə durub-
oturmaqla ölkəni "idarə edirdi." Xatırladaq ki, o vaxt daşnak Zori Balayanın xalqımıza qarşı böhtan və
iftiralarla dolu "Ocaq" kitabı Qorbaçovun stolüstü kitabına çevrilmişdi. Məhz ermənipərəst Qorbaçovun
xeyir-duasından sonra vəhşi daşnaklar Azərbaycana doğru yürüşə başladılar.
Əliqanlı imperiyanın Azərbaycanda törətdiyi faciələr bununla tükəndimi? Əsla tükənmədi! 20
Yanvardan sonra baş verən faciələr sırasına dünyanın ən dəhşətli hadisələrindən biri Xocalı soyqırımı,
Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın bəzi ərazilərində baş
verən qanlı səhifələr də əlavə olundu. Vəhşi imperiyanın təpədən-dırnağadək silahlandırdığı erməni
faşizmi ilə qeyri-bərabər döyüşlərdə 30 minə yaxın qəhrəman, mərd oğullarımızı itirdik. Ərazilərimizin
20 faizi işğal olundu, 1 milyondan artıq yurddaşımız öz doğma ata-baba torpağından didərgin düşdü.
Lakin vahid əqidə bayrağı altında birləşib öz müstəqilliyinə qovuşan xalqımız sarsılmadı, işıqlı gələcəyə
olan böyük inamını itirmədi.
İnamla demək olar ki, 70 il ərzində qırmızı imperiyanı 20 Yanvar hadisələri qədər sarsıdıb diz
çökdürən ikinci bir hadisə olmayıb. 20 Yanvar neçə-neçə günahsız millətin azadlıq arzularını boğub,
onları öz müti köləsinə döndərən qanlı imperiyanın maska arxasındakı simasını və çirkin niyyətlərini
həm onun sərhədləri daxilindəki bütün xalqlara, həm də beynəlxalq aləmə tam çılpaqlığı ilə açıb
göstərdi. Qətiyyətlə deyə bilərəm ki, 20 Yanvar hadisələri ittifaq daxilindəki digər xalqların da milli
azadlıq hərəkatının sürətlənməsində müstəsna rol oynadı. İlk baxışda zülmün və ədalətsizliyin haqq və
ədalət üzərində təntənəsi kimi görünən 20 Yanvar, əslində, yadelli orduların, tankların, topların, ən
müasir hərbi silahların belə xalqın sarsılmaz birliyi və polad iradəsi qarşısında nə qədər gücsüz
olduğunu, zahiri qələbənin, əslində, biabırçı məğlubiyyətdən başqa bir şey olmadığını bariz şəkildə
nümayiş etdirdi.
O faciəli günlərdən bizi 33 illik zaman kəsiyi ayırır. 33 ildir ki, Dağüstü parkdakı Şəhidlər
xiyabanı və Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış "Əbədi
məşəl" xatirə kompleksi xalqımızın ən möhtəşəm ziyarətgahına, ən müqəddəs and yerinə çevrilib. Çünki
orada əbədiyyət yuxusuna gedənlər Vətən yolunda, xalq yolunda, bugünkü azadlığımız və əbədiyaşar
müstəqilliyimiz yolunda şəhid olublar. Vətən və xalq yolunda həlak olanların isə ömrü Vətənin və
xalqın ömrü qədərdir. Bu gün Şəhidlər xiyabanı təkcə Dağüstü parkda yox, doğma torpaqlarımızın
erməni faşizminin işğalından xilası naminə mübarizəyə hər an hazır olan Azərbaycan Ordusunun hər bir
zabit və əsgərinin iç dünyasındadır.
Bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini də müharibə
əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı təşkil edir. Bunun baris nümunəsi Prezident İlham
Əliyev tərəfindən şəhid ailəsi üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün
Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanda da dəyişiklik
edilməsi bu baxımdan önəmlidir. Sənədə əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün
aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata qaldırılıb. Həmçinin dövlət
başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis
edilməsi haqqında” Fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Prezidentinin
təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyənləşdirilib.
Sevil Məmmədova,
Sabirabad rayonu Nizami kənd mədəniyyət evinin müdiri