

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar
hadisələrindən 33 illik bir dövr keçir. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan
xalq hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış
şəhidlərimizi ehtiramla yad edirlər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik
Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna
yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə
yetirilmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını
zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin
tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri
ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21
nəfər öldürülmüşdür.
Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülmüş
və 744 nəfər yaralanmışdır. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım
işçiləri də olub.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi
qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən,
təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər
Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında
qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı
faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat
vermişdir.
20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan
tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq
istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini
ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz
Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca
tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il
yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil
qoyur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini
əhalinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Bu istiqamətdə mütəmadi olaraq mühüm
addımlar atılır və geniş miqyaslı sosial islahatlar aparılır. Prezident İlham Əliyevin yeni Fərmanları ilə
2023-cü ildə də növbəti sosial islahat mərhələsinə başlanıb. Belə ki, pensiyalar, minimum əmək haqqı,
xüsusilə müharibə əlilləri və şəhid ailələrinə verilən təqaüdlər artırılmış, o cümlədən də 20 Yanvar
şəhidinin ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600
manat müəyyənləşdirilib.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru