

Sovet imperiyasının hərbi-siyasi rəhbərliyi tərəfindən xalqımıza qarşı törədilmiş 20 Yanvar
faciəsindən 33 il ötür. Bu faciənin yolu çox-çox uzaqlardan başlamışdı. O yolun qarşısı nə SSRİ-nin, nə
də ki, Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən kəsilmədi. Əksinə, daşnak ambisiyalarına dəstək
verildi, onların daha geniş əl-qol açmasına şərait yaradıldı. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet
ordusunun ən müasir silahlarla təchiz olunmuş ayrı-ayrı hərbi birləşmələri Bakıya soxularaq qanlı
qırğınlar törətdi. Bakıda və ətraf rayonlarda 131 nəfər vəhşicəsinə qətlə yetirildi. 744 nəfər yaralandı,
400 nəfər həbs edildi və 4 nəfər itkin düşdü.
Həmin faciədə şəhid olmuş oğul və qızlarımızın dəfn mərasimində iki milyondan artıq insanın
iştirakı dünya milli-azadlıq hərəkatı tarixində bir örnək kimi qiymətləndirilir. Şəhidlərimizin dəfn günü
xalqın göstərdiyi rəşadət elə 20 Yanvar günü yaşanan qəhrəmanlıq qədər möhtəşəm bir mənzərə idi. Bu
hadisəyə qədər ən gözəl hədiyyə sayılan qərənfil 20 Yanvar hadisələrindən sonra mahiyyətini dəyişdi və
daha çox kədər rəmzi, şəhid qanı kimi xarakterizə olunmağa başladı.
20 Yanvar faciəsi Sovet imperiyasının əsl mahiyyətini, iç üzünü açıb göstərdi. Azərbaycan xalqının
milli-azadlıq hərəkatına keçidini sürətləndirdi. Bu qanlı hadisə SSRİ-nin dağılmasında xüsusi bir
mərhələ oldu. Faciə həm də milli birliyimizin və gücümüzün rəmzinə çevrilərək yeni nəsillərə
çatdırılacaq ən şərəfli tariximizə çevrildi. 20 Yanvar bizə Vətənə sahib çıxmağı, Vətənə sahib çıxanlara
sahib çıxmağı öyrətdi.
20 Yanvar təkcə Azərbaycanın deyil, bütövlükdə türk xalqlarının faciəsi idi. Eyni zamanda,
xalqın bir yumruq kimi birləşməsi, zülmə, ədalətsizliyə qarşı ümummilli etirazın baş verməsinin
başlanğıcı oldu. Faciədən sonra Azərbaycan torpaqlarında yad ordusunun olmadığı müstəqil dövlətə
çevrildi. O zaman beynəlxalq aləmdən təcrid edilmiş, heç bir yerdən kömək əldə edə bilməyən
xalqımızın etiraz səsini ucaldan ulu öndər Heydər Əliyev oldu. Ümummilli lider Heydər Əliyevin
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində verdiyi kəskin bəyanat 20 Yanvar faciəsi xəbərinin
beynəlxalq aləmə yayılmasında mühüm rol oynadı. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin
“20 Yanvar” əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən
qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verdi. Ulu Öndər bu faciənin törədilməsində əsl günahkarların -
SSRİ rəhbərliyinin adını birmənalı olaraq çəkdi. Bu, Sovet imperiyasının öz xalqına qarşı silah
qaldırmasının və günahsız əhalini qanına qəltan etməsinin bütün dünya qarşısında ifşası idi. Lakin həmin
vaxt bu faciənin törədilməsinə qarşı ən böyük etiraz və hiddət Azərbaycanın o vaxtkı rəhbərliyindən
gözlənilsə də, bu hal baş vermədi.
İndi şəhidlərimizin uyuduğu Şəhidlər xiyabanı Azərbaycan xalqının ən müqəddəs yerlərindən
biridir. Bu zirvədən keçmişimiz də, gələcəyimiz də, o taylı, bu taylı Azərbaycan da görünür. Şəhidlər
xiyabanı tariximizin, itkilərimizin və qürurumuzun rəmzidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev hər il 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər
xiyabanını ziyarət edir. Dövlət başçısının göstərişi ilə respublikamızın hər bir bölgəsində anım tədbirləri
keçirilir. 20 Yanvar qurbanlarının ailə üzvləri, hadisə zamanı sağlamlığına ziyan dəymiş insanlar dövlət
qayğısı ilə əhatə olunub.
Dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə müharibə və ya 1990-cı ilin 20 Yanvar faciəsi
zamanı şəhid olmuş hər bir şəxsin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq
məbləği artırılaraq 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib. Həmçinin Prezident İlham
Əliyevin Fərmanına əsasən, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan
şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın
1-dən artırılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş
şəxslərə 500 manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş
şəxslərə 400 manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş
şəxslərə isə 330 manat təqaüd müəyyən edilib. Sözügedən təqaüdlərin artırılması ölkə rəhbərliyinin bu
kateqoriyadan olan insanlara yüksək diqqət və qayğısının ifadəsidir.
Bakı şəhərində, habelə ölkəmizin başqa yerlərində də 20 Yanvar şəhidlərinin adını əbədiləşdirən
çoxlu abidələr, xatirə kompleksləri ucaldılmışdır. Lakin ən möhtəşəm abidəni xalqımız öz qəlbində,
yaddaşında yaratmışdır. 20 Yanvar şəhidlərinə ən müqəddəs və əbədi abidə isə xalqımızın müstəqilliyi
və azadlığıdır. Xalqımız ölkəmizin müstəqilliyi göz bəbəyi kimi qorumaqla 20 Yanvar şəhidlərinin
xatirəsini əbədi yaşadacaq.
Piri Hüseynli,
Sabirabad rayonu “Omega Hospital”ın icraçı direktoru