isaznow.com
Az Iw En Ru

20 Yanvar faciəsi milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub

Keçmiş Sovet İttifaqı rəhbərlərinin və onun Azərbaycandakı itaətkar nümayəndələrinin əli ilə
xalqımıza qarşı törədilmiş Qanlı Yanvar faicəsindən 33 il vaxt keçir. Qanlı Yanvar faicəsi XX əsr
tarixinə və bəşəriyyətə qarşı ən amansız cinayətlərdən biri kimi tarixə düşmüşdür. O qanlı gecədə
mənfur rejimi hər vəchlə qoruyub saxlamağa çalışan qırmızı imperiya dəhşətli hərb maşınını işə salaraq,
öz mill azadlığı və istiqlaliyyəti, doğma torpağının müdafiəsi uğrunda mübarizəyə qalxmış Azərbaycan
xalqına qarşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə açıq hərbi təcavüzə başladı. Bu faciə
Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq
məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.Xalqımız həmin gün üstünə şığıyan Sovet hərbisinin
qara guruhuna qarşı sinəsini irəli verdi, öz istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal
uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Əslində 20 Yanvara aparan yolun 1988-c ildən başlandığı aşkar görünür. Keçmiş imperiya
rəhbərliyinin-şəxsən əlləri xalqımızın qanına batmış Mixail Qarbaçovun bilavasitə xeyir-duası ilə
Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddialları nəticə etibarı ilə xalqımızın milli müstəqillik
və istiqlaliyyət uğurnda mübarizəsinə əlavə impulslar verdi. Xalqımız ölkəmizn ərazi bütövlüyünü
qoruyub saxlamaq üçün 1988-ci ildə iradəsini ortaya qoydu. Güclü meydan hərəkatı başladı.
20 Yanvar faciəsi ərəfəsində və ondan sonrakı mərhələdə Azərbaycan tamamilə informasiya
 blokadasına alınmışdı. Respublikamızın xaricə çıxışı yalnız "Azadlıq” radiosu vasitəsilə təmin edilirdi.
Bu da çox məhdud idi. Odur ki, Azərbaycanın üzləşdiyi problemləri, faciələri dünya ictimaiyyətinin
diqqətinə çatdırmaq, real vəziyyətlə bağlı dolğun təsəvvürlər yaratmaq mümkün deyildi. 20 Yanvar
hadisələrindən sonra hakimiyyətdə olan imperiyapərəst qüvvələr, eləcə də faciənin üzərində hakimiyyətə
gəlmək istəyən qüvvələr, əslində, bu prosesdə iştirak etmədilər.
Bütün ömrü boyu xalqın yanında olan ümummilli liderimiz Heydər Əliyev isə belə ağır
vəziyyətdə ailəsi ilə birgə yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və
sərt bəyanatla çıxış etdi. Xalqımıza qarşı repressiyaya əl atmış Kremlin bir addımlığında kifayət qədər
aydın, cəsarətli mövqe ortaya qoyan ümummilli liderimiz Azərbaycanının üzləşdiyi informasiya
blokadasının aradan qaldırılması, real həqiqətlərin Dünya ictimaiyyətina çatdırılması üçün tarixi addım
atdı. Ümummilli liderimizin bu addımı həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük
rezonans doğurdu. Bu qətiyyətli mövqe dərin sarsıntı içində olan xalqa mənəvi dəstək oldu. Bununla da
Heydər Əliyev hər zaman xalqla, onun problemləri ilə birgə olduğunu, dərdinə şərik çıxdığını sübuta
yetirdi. Bundan narahat olan qüvvələr sonradan ulu öndərimizin Azərbaycana dönmək istəyinin qarşısını
almaq üçün ciddi-cəhdlə fəaliyyətə başladılar. Lakin yaradılan maneələrə baxmayaraq, Heydər Əliyev
Naxçıvana gəldi və fəal siyasətlə məşğul olmağa başladı.
Hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında Heydər Əliyevin Naxçıvan Ali
Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan
Ali Məclisi tərəfindən qəbul edilmiş qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması qərara
alındı. Qərarda ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalanmış, onların birbaşa məsuliyyət
daşıdıqları göstərilmişdi.
Ulu öndərimiz  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra 20 Yanvar faciəsinə respublika miqyasında siyasi-hüquqi qiymət vermək imkanı
yarandı. Ümummilli liderimizin 1994-cü il 5 yanvar tarixli sərəncamında faciənin respublika miqyasında
geniş araşdırılıb siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Həmin il yanvar ayının 12-də Heydər
Əliyevin sədrliyi ilə 20 Yanvar faicəsinin 4-cü ildönümü ilə bağlı tədbirlərin hazırlanması və keçirilməsi
üzrə dövlət komissiyasının iclası keçirildi. İclasda çıxış edən Heydər Əliyev hadisəyə tam və hərtərəfli
siyasi-hüquqi qiymət verilməsinin vacibliyini önə çəkdi.
Artıq 33 ildir ki, 1920-ci ilin 20 Yanvar gününü bir qayda olaraq kədər, hüzn, matəm kimi qeyd
edirik. Şəhidlərimizin ruhunu ağrı və sızıltı ilə anırıq. Unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan
xalqının tarixində təkcə ağrı və acı ilə xatırlanan gün deyil. 20 Yanvar həm də xalqımızın fəxarət və
şərəf günüdür. O qanlı gecədə Qaziliyə, şəhidliyə əbədi hazır olduğumuzu bir daha sübut etmişik.
Xalqımız həmin gün öz milli kimliyini sübut edərək keçmiş rejimə sarsıdıcı zərbə vurmuşdur.  Bu hadisə
bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı istiqlala layiqdir və bu yolda ən çətin sınaqlara,
məhrumiyyətlərə mətinliklə sinə gərmək əzmindədir. 20 Yanvar kədəri neçə illər ötsə də, bizi heç vaxt
tərk etməyəcək, çünki o gecə ən layiqli övladlarımızı itirmişik. Ancaq bir təsəllimiz də var: Azadlıq
mücahidlərinin axıtdıqları qanlar hədər getməyib, bu qanlar göyərib bizi azadlığa qovuşdurub. O qanlı
gecədə şəhid olanlar hər bir azərbaycanlının qəlbində əbədi heykələ dönüblər.

Onu da qeyd edək ki, bu gün dövlətimiz tərəfindən 20 Yanvar şəhidlərinin ailələri Prezidentin
aylıq təqaüdləri ilə təmin olunur.  Ümummilli lider Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri
adının təsis olunması, 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi
sahəsində mühüm tədbirlərə başlanması təmin edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti
həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib.
Ölkədə cənab Prezidentimizin tapşırığı ilə mütəmadi olaraq müharibə əlilləri və şəhid ailələrinə dövlət
qayğısı göstərilir. Bunun baris nümunəsi dövlət başçısının Fərmanları ilə müharibə əlilləri və şəhid
ailələrinə verilən təqaüdlər artırılmış, o cümlədən də 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan
Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata qaldırılıb.
Artıq  bütün şəhidlərimizin ruhu şaddır. Müzzəfər Ali Baş Komandanımız cənab İlham Əliyevin
rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu 44 günlük  Vətən müharibəsində  tarixi qələbə qazandı.
Bu qələbə onu göstərdi ki, vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olan hər bir soydaşımızın
qanı yerdə qalmadı .
Firəngiz Cəfərova,
Sabirabad rayonu Nizami kənd uşaq bağçasının müdiri


06:07 20.01.2023