isaznow.com
Az Iw En Ru

20 Yanvar hadisələrindən 33 il ötür

1990-cı ilin 20 Yanvar hadisələrindən 33 il ötür. Gənclərimiz tarixi həqiqətləri bilməlidir. Yaxın
tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və
gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20
Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən, Azərbaycanın sonrakı taleyinə
əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş
cinayətdir. 1990-cı ilin əvvəlində Kreml Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan
Azərbaycan xalqını cəzalandırmaq üçün qanlı yanvar qırğınını törətdi. Sovet qoşunlarının qanunsuz
yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər
yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə
aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o
cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli
miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Həlak olanlar arasında yetkinlik yaşına
çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq
aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir
edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdı. Lakin bütün bunlar Azərbaycan xalqının gözünü
qorxutmadı, əksinə, onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. 20 Yanvar hadisəsinin
Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, milli oyanış tarixi oldu. Faciədən sonra Azərbaycanda
milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın
yaranmasında gördü. Baş vermiş bu hadisələrdən sonra dünya azərbaycanlıları ilk dəfə olaraq milli
faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Azərbaycanın belə çətin bir vaxtında Ulu Öndər Heydər Əliyev faciə baş verəndən dərhal sonra
Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş, öz etiraz səsini ucaltmışdır. Xalqımızın
böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət
adlandırmış və bəyanət vermişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar
tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. 20 Yanvar xalqımızın həyatında dərin və
sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu Öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş,
yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Müstəqilliyimizin banisi faciə qurbanlarının
xatirəsinin əbədiləşdirilməsi, onlara dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata
keçirmişdir. 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri sosial müdafə tədbirləri ilə əhatə
olunub. Ümummilli lider Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adının təsis olunması, 20
Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi sahəsində mühüm tədbirlərə
başlanması təmin edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti həmin kateqoriyadan olan
vətəndaşların da sosial müdafiəsinin ildən-ilə güclənməsinə imkan verib. Ölkə başçısının imzaladığı
yeni fərman və sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının
yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən 20 yanvar əlillərinin sosial ödənişlərin artırılması
istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Belə ki, 01.01.2023-cü il tarixdən
Prezidentin aylıq təqaüdləri növbəti dəfə artırılıb və şəhid ailələri üçün 600 manata, 20 Yanvar əlilləri
üçün I dərəcə üzrə 500 manata, II dərəcə üzrə 400 manata, III dərəcə üzrə 330 manata çatdırılmışdır.20
yanvar hadisələrindən artıq 33 il keçmiş və bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı
müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanını
yerdə qoymadı. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi ətrafında
birləşdirdiyi Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərimizi təmin edərək
müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi.
Emin Ağayev,
Sabirabad rayonu, gənc sahibkar


05:06 20.01.2023