

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı ikitərəfli əlaqələr yüksələn
templə inkişaf etməkdədir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 1-də
qurulmuşdur.
Cari ilin yanvar ayının 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında iqlim fəaliyyətində
birliyə həsr olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsində dövlət başçıları, sənaye liderləri, investorlar,
sahibkarlar və gənclər iştirak edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əbu-
Dabi Dayanaqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edib. Cənab Prezident çıxışında bildirib ki,
“Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün
inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan
nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya
məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli
gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində
ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru
yaranacaq.”
Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik
enerjisinin qoyuluş gücündə payının 30 %-ə çatdırılmasının hədəf kimi müəyyənləşdirildiyi nəzərə
alınmaqla bu istiqamətdə bir çox işlər görülür.
Qeyd edək ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələri üçün
əlverişli potensial mövcuddur və bu texniki potensial 7200 MVt-dan artıq olaraq qiymətləndirilir. Eyni
zamanda ilkin araşdırmalara əsasən Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt
həcmində texniki potensialının olması müəyyən edilmişdir. Bununla yanaşı, Tərtərçay, Həkəri çayı və
bu çayların qollarında böyük hidroenerji potensialı mövcuddur. İşğaldan azad edilmiş ərazilərin bərpası
prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin
təmin edilməsinə xüsusi əhəmiyyət verilir. Bu hədəfə uyğun olaraq elektrik enerjisinin istehsal
güclərinin bərpası çərçivəsində Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4
su elektrik stansiyası artıq istismara verilmişdir. Eyni zamanda Cəbrayıl rayonu ərazisində, Araz çayı
üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız qalası")
olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir. Laçın və Kəlbəcər ərazisində
təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin
reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılmasına əlavə töhfə
verəcəkdir. Bərpaolunan enerji istehsalı sahəsində Azərbaycanın “Masdar” şirkəti ilə əməkdaşlığı
özünəməxsus yer tutur. Belə ki, “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və
günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalayıblar. Gələcəkdə əməkdaşlığın
genişləndirilməsi nəticəsində istehsal gücü 10 qiqavata qədər artırılması nəzərdə tutulur. Ümumilikdə,
ölkəmizin “Masdar” ilə əməkdaşlığı Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə
çevirəcəkdir.
Bərpa olunan enerji sektoru üzrə, xüsusilə də Qarabağda icra edilən layihələr Azərbaycanın
elektrik enerjisi isthesalı və ixracı imkanlarını əsaslı şəkildə artıracaq. Artıq Azərbaycan regionda ciddi
elektrik enerjisi ixracatçısına çevrilmişdir və bu layihələr Azərbaycanın mövqeyini daha da
gücləndirəcəkdir. Ona görə də qarşıdan gələn illərdə elektrik enerjisi istehsalı və bərpa olunan enerji
Azərbaycanın enerji təhlükəsizliyinin yeni dayaqlarına çevriləcək.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri