isaznow.com
Az Iw En Ru

Azərbaycan ilə BƏƏ arasında münasibətlər strateji əhəmiyyət daşıyır

Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı ilə strateji xarakter alan münasibətlər
hazırda keyfiyyətcə yeni müstəviyə qalxıb. Elə yanvarın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin
Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin
açılmasının göstəricisidir. Bu səfər çərçivəsində ölkə başçısının BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd
bin Zayed Al Nəhyan ilə görüşü, həmçinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış
mərasimindəki çıxışı Azərbaycanın növbəti uğuru sayılmalıdır.
Mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, “Birləşmiş Ərəb Əmirlikləri
dünyanın ən sabit və inkişaf etmiş ölkələrindən birinə çevrilib”. İki dövlət baçısının görüşünün
nəticələri  Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin bir çox sahədə strateji
əhəmiyyətini bir daha təsdiqləmişdir.
Qazandığı böyük nailiyyətlər və sürətli inkişaf münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin
Prezidentini və xalqını təbrik edən dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirlikləri dünyanın ən sabit,
inkişaf etmiş və uğurlu ölkələrindən birinə çevrildiyini bildirərək deyib: “Biz Sizin Azərbaycandakı
qardaşlarınız olaraq, gördüyünüz işlərdən çox fərəhlənirik”. Azərbaycan Prezidenti İlham Əliyev
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında
çıxışı zamanı söyləyib ki, Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin
təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu
gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz,
neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Dövlətimizin başçısı bildirib: “Bərpaolunan enerji
ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng
potensial var. İkincisi, onun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə
iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.
Qeyd edilib ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz
tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri
sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur. Bu gün Azərbaycanın təbii
qaz ixracı artır. Əgər ötən il ixrac 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaqdır.
Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş
ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157
qiqavatlıq külək enerjisi imkanları mövcuddur.   Ümumilikdə 200 qiqavata yaxın potensialın olduğunu
söyləyən dövlətimizin başçısı qeyd edib ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz
bütün həmin layihələri mərhələli şəkildə icra edirik.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi
açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, “Masdar” ilə Azərbaycan
Dövlət Neft Şirkəti (SOCAR) 4 qiqavatlıq külək və günəş enerjisinin istehsalına dair razılaşma
imzalayıblar. Ortamüddətli layihələr gücləri 10 qiqavata qədər artıracaqdır. Bütövlükdə Azərbaycanın
beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək
və günəş enerjisi istehsal etmək imkanı yaradacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, «Azərbaycanda investisiya mühiti çox
müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan
enerjidir. Başqa sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik”.
Qeyd edək ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini
hədəfləyən beynəlxalq platformadır. Dayanıqlılıq Həftəsi bu məqsədə çatmaq üçün öz proqramını üç
prinsip – qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya üzrə həyata
keçirir.   Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak
edir. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi
ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin
dünya miqyasında artan nüfuzunun göstəricisidir.
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi


15:36 19.01.2023