isaznow.com
Az Iw En Ru

Bu gün hədəfimiz bərpaolunan enerjidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il yanvarın 15-16-da Birləşmiş Ərəb
Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri, bu səfər çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd
bin Zayed Al Nəhyan ilə görüşü, həmçinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış
mərasimindəki çıxışı ölkə diplomatiyasının növbəti uğuru sayılmalıdır.
İlk növbədə qeyd edilməlidir ki, hər iki dövlət arasında əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri
mövcuddur. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə
malikdir.
Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə texnoloji inkişafın
yaradacağı böhranlardan ziyan görməmək, iqtisadi inkişaf və texnologiya, habelə innovasiya tətdiqi ilə
inkişaf əldə edilməsi üçün mühüm addımlar atıldı. Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq
Həftəsinin açılış mərasimində çıxış etmək üçün dəvət olunması ilk növbədə, məhz dövlətimizin qeyd
olunan istiqamətdə aparıcı mövqedə qərarlaşması ilə izah olunmalıdır. Yəni, Azərbaycan Prezident
İlham Əliyevin strateji və uzaqgörən addımları ilə artıq gələcəyi idarə edəcək güclərdən birinə
çevrilməkdədir.
Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərinin  əsl mahiyyətini
araşdırmaq üçün Yaxın və Orta Şərqdə, o cümlədən Qafqazdakı geosiyasi situasiya və ölkələrimizin bu
proseslərdə rolu ayrı-ayrılıqda təhlil olunmalıdır. Azərbaycanla bağlı məsələlər  Prezident İlham
Əliyevin hakimiyyəti illərində tam iqtisadi müstəqilliyə nail olmaqla siyasi suverenliyini möhkəmlədən,
güclü ordu quruculuğu həyata keçirən, milli müdafiə sənayesi yaradan Azərbaycan xüsusən Vətən
müharibəsindəki Qələbəsindən sonra bölgənin şübhəsiz ki, diktə edən hərbi-siyasi gücüdür. Azərbaycan
artıq bölgənin siyasi gündəmini müəyyən edən dövlətdir.
Birləşmiş Ərəb Əmirlikləri isə son 30 ildə imkanlarını artırmaqda olsa da, xüsusən Ərəb baharı
dalğasından sonra bütövlükdə Yaxın və Orta Şərqin aparıcı güclərindən birinə çevrilib. Misir, Liviya,
Yəmən, Efiopiya, Somalidə həyata keçirdiyi hərbi-siyasi fəaliyyətlər, İsraillə strateji işbirliyi, ABŞ-da,
bir sıra Avropa ölkələrində ciddi lobbiçilik fəaliyyəti BƏƏ-nin qlobal müstəvidə ciddi siyasi qütbə
çevrildiyini göstərməkdədir. Bütün bunlar isə o mənaya gəlir ki, Azərbaycan Prezidentinin Birləşmiş
Ərəb Əmirliklərinə işgüzar səfərinin istənilən siyasi-iqtisadi, hərbi və təhlükəsizlik məzmunlu nəticəsi
bütövlükdə regional təsirlərlə müşayiət olunacaq.
İlk növbədə, həm Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, həm də Prezident İlham
Əliyev tərəfindən Azərbaycanın və BƏƏ-nin ayrı-ayrılıqda fəaliyyətlərini sülhsevər hesab etdikləri
bəyan olundu. Bu, o deməkdir ki, BƏƏ rəsmi Bakının Cənubi Qafqazda hərbi-siyasi fəaliyyətini
regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi səy hesab edir və bunun
bəyan olunmasından çəkinmir.
Qeyd edildi ki, bu gün Azərbaycanın Bərpaolunan enerji sahəsində  nəhəng potensial vardır.
İkincisi isə, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz
Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən
inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Hazırda Azərbaycanın təbii qaz ixracı günbəgün artır. Əgər 2021-ci ildə bu 19 milyard kubmetr idisə, bu
il 24 milyard kubmetrə çatacaqdır. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi
planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Quruda 27 qiqavatlıq külək və günəş
enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş
enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları
mövcuddur. Həmçinin Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma
memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını
yaradacaqdır. Eyni zamanda SOCAR ilə gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti arasında
Azərbaycanda ümumilikdə 4 QVt gücündə dənizdə külək və hidrogen layihələrinin, Günəş fotovoltaik
və quruda külək layihələrinin işlənməsinə dair birgə işlənmə sazişləri imzalamaqla Bakı sözü və əməli
bir olan güc mərkəzi kimi növbəti dəfə özünü təsdiqlədi.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində
Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb
edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir.
Qafur Nəsirov,
Sabirabad rayon Elektrik şəbəkəsinin baş mühəndisi


00:36 19.01.2023