

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya
ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub və münasibətlər durmadan inkişaf edir. Bu baxımdan
ərəb ölkələri ilə əlaqələrin inkişafı da xüsusi qeyd edilməlidir. Şübhəsiz ki, yanvarın 15-16-da Prezident
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr
verəcəkdir.
Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılış mərasiminə dəvət olunması
xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində
təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf
Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub. Bunlar da onu göstərir ki, Azərbaycan
beynəlxalq platformalara qoşulmaqla öz maraqlarını, inkişafını dünyaya təqdim edir.
Məlumdur ki, ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa
Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan Birləşmiş
Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi
idi. Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin
Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi
olduğunu bəyan edib.
Əbu-Dabidəki görüşdə həm Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, həm də Prezident
İlham Əliyev tərəfindən Azərbaycanın və BƏƏ-nin ayrı-ayrılıqda fəaliyyətlərini sülhsevər hesab
etdikləri bəyan olundu. Bu, o deməkdir ki, BƏƏ rəsmi Bakının Cənubi Qafqazda hərbi-siyasi
fəaliyyətini regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi səy hesab edir
və bunun bəyan olunmasından çəkinmir.
Azərbaycan Ərəb Dövlətləri Liqasında müşahidəçi statusuna malikdir. Azərbaycan, həmçinin
dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham
Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya
gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu proses
çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil
edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi
tanınıb. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər.
Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi
Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş
əməkdaşlıq imkanlarına malikdir.
Bununla əlaqədar Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması bir
daha dövlətimizin başçısının və Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir.
Bu gün Azərbaycanın Bərpaolunan enerji sahəsində nəhəng potensial vardır. Cəmi iki il əvvəl
Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan
Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin
uzunluğu 3500 kilometrdir.
Hazırda Azərbaycanın təbii qaz ixracı günbəgün artır. Əgər 2021-ci ildə bu 19 milyard kubmetr
idisə, bu il 24 milyard kubmetrə çatacaqdır. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə
çevrilməsi planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Quruda 27 qiqavatlıq
külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq
külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi
imkanları mövcuddur. Eyni zamanda SOCAR ilə gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti
arasında Azərbaycanda ümumilikdə 4 QVt gücündə dənizdə külək və hidrogen layihələrinin, Günəş
fotovoltaik və quruda külək layihələrinin işlənməsinə dair birgə işlənmə sazişləri imzalanıb. Bu da
gələcəkdə əlaqələrin daha da günişlənməsinə zəmin yaradıb.
Fərid Hənifov,
Sabirabad rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin könüllüsü