

Bu mövzu haqqında fikir bildirmək üçün ilk növbədə Azərbaycan Respublikası siyasi
qanunvericilik tarixinin inkişaf yoluna nəzər salmaq lazımdır. Belə ki, müstəqillik yoluna qədəm qoyan
gənc respublikada siyasi konfiqurasiyanın yaranıb formalaşması və öz inkişafına başlaması labüd idi.
Çünki, bu haqda məsələ Milli Məclisdə, müxtəlif siyasi partiyaların rəhbərləri tərəfindən Milli Məclisin
sədrinə müraciət edilmişdi. Qeyd etdiyimiz kimi, siyasi sistematikanın yaranması və bu haqda olan
məsələlərin qanunvericilik çərçivəsində aparılması respublikamız üçün çox vacib idi. Beynəlxalq
arenalarda cərəyan edən proseslər, Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiya, müxtəlif
çağırışlar, qanunvericilik sahəsində də siyasi sistemin mükəmməlləşdirilməsi üçün Milli Məclis
tərəfindən zəruri addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını
lazımlılığını göz önünə gətirirdi.
İndi isə qanunun siyasi şərhinə keçid edək. Qanunda ən diqqəti cəlb edən məqamlardan biri, 3-cü
maddənin ilk bəndidir. Bənddə deyilir ki, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud
siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu cümlə nə qədər sadə görünsə də, siyasi şərhi bir o
qədər mürəkkəb və genişdir. Demokratiyada dünya təcrübəsini ölkədə sərgiləyən dövlətimiz bu qanunda
yer alan qeyd etdiyim maddənin bəndini tam şəffaflığı ilə icra etməkdədir. Ölkədə siyasi plüralizmin
olması göz qabağındadır, həmin siyasi partiyaların mövcudluğu, inkişafı və eləcə də fəaliyyətləri müasir
dünyamızın tələb və şərtlərinə uyğun qaydada həyata keçir. Bax bu, cəmiyyətimizin siyasi mədəniyyətə
malik olmasıdır.
Layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, ölkənin siyasi
sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların
fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələr də nəzərə alınıb.
Xülasə, yeni qanun layihəsi cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-
siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə,
siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.
Vüsal Hüseynov,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin rəisi