isaznow.com
Az Iw En Ru

Yeni qanun demokratik inkişaf yolunda atılmış uğurlu addımdır

Dövlət başçımız cənab Prezident İlham Əliyev yanvar ayının 11-də “Siyasi partiyalar haqqında”
qanunu təsdiq edib. Bu qanun 6 fəsil, 30 maddədən ibarət olmaqla yanaşı yeni qanun qüvvəyə mindiyi
səbəbindən 1992-ci ildə qəbul olunmuş qanun ləğv edilib. Milli Məclisin dekabrın 16-da keçirilən
iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Qəbul edilmiş
“siyasi partiyalar haqqında” qanunun cənab Prezident tərəfindən imzalanması ölkədə demokratik
təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam
zəmində qurulması istiqamətində atılmış mühüm addımdır.
Hər bir ölkənin inkişafında siyasi partiyaların rolu danılmazdır. Ölkənin siyasi sisteminin əsas
təsisatlarından olan siyasi partiyalar milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri
tədbirləri görməlidirlər. Siyasi partiyalar arasında sağlam dialoq mühitinin formalaşması hədəflərə
yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək.
Ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanarkən 24 ölkənin təcrübəsi
öyrənilmiş və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında
tövsiyələri nəzərə alınmışdır. Yeni qanun layihəsi hazırlanarkən 47 siyasi partiyadan 250-dən çox təklif
alınmışdır. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət
təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilmişdir.
İctimai dinləmələrdən sonra Qanun layihəsində müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar
iclaslardan sonra isə müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilmişdir. Ümumilikdə sənədə 110
düzəliş edilib. Daha bir demokratik addım isə Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna
və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si layihədə nəzərə alınıb.
Qəbul edilmiş yeni Qanunda diqqət çəkən çox mühüm və müsbət məqamlar öz əksini tapmışdır.
Mühüm məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımının
göstərilməsi məsələsidir. Yeni Qanuna əsasən siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və
təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər.
İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediası təsis etmək və ya çap mediasının
iştirakçısı olmaq üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.
Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni, 3 faizlik baryer
müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq, siyasi rəqabəti gücləndirmək, hər bir vətəndaşın
səsi uğrunda mübarizə aparmaq, seçiciləri partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş
tətbiq olunan bir model qanunvericiliyə daxil edilmişdir. Bu baxımdan Qanun layihəsinin 25.2.4 və
25.2.5-ci maddələri olduqca mühüm əhəmiyyət kəsb edir.Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması,
həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin
əsasını təşkil edir. Siyasi palitrada təmsil olunan siyasi qüvvələr arasında müsbət dialoq mühiti
formalaşmışdır.
Siyasi partiyalar haqqında" qanun siyasi sistemin təkmilləşnəsinə xidmət edəcək, güclü siyasi
partiyaların formalaşmasını təşviq edəcək, cəmiyyətdə sağlam siyasi münasibətlərin qurulması və
bundan sonra da demokratik əsaslarla inkişaf etməsi üçün möhkəm hüquqi əsas yaradacaq.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri


15:01 18.01.2023