

Azərbaycanda son illərdə sistemli xarakter daşıyan islahatlar aparılır. Cəmiyyətin bütün
sahələrini əhatə edən bu islahatlar dövlət başçısı İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə
həyata keçirilir. Bu islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq əlaqələri
möhkəmlənib, habelə iqtidar-müxalifət dialoqu başlayıb və davam etməkdədir. Altıncı çağırış
Azərbaycan Respublikasının Milli Məclisində, onun komitələrinin rəhbərliyində Yeni Azərbaycan
Partiyası ilə yanaşı, müxtəlif siyasi partiyaların təmsil olunması bunu bir daha təsdiqləyir.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir. Parlamentdə
təmsil olunan 11 siyasi partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı
Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edib. Qeyd olunub ki, “Siyasi partiyalar haqqında”
Qanun 30 il bundan əvvəl qəbul edilib. Bu müddətdə Azərbaycanda bir çox dəyişikliklər baş verib,
ölkəmiz dünya səviyyəsində öz layiqli yerini tutub. Qalib Azərbaycan statusuna yüksəlib, dövlətimizin
beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənib. Bütün bunlar “Siyasi partiyalar haqqında”
yeni qanun layihəsinin ərsəyə gəlməsinə rəvac verib.
Dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan böyük nailiyyətlər siyasi partiyalarla
bağlı yeni qanun layihəsində öz əksini tapıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai
birliklər və dini qurumlar, İnsan hüquqları komitələrinə qanun layihəsinin hazırlanması tapşırılıb.
Layihənin hazırlanması zamanı Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin
qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Həmçinin Venesiya
Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib.
Layihənin hazırlanması ilə əlaqədar ekspert komissiyası yaradılıb və bu komissiya tərəfindən 20 ölkənin
bu sahədəki təcrübəsi öyrənilib. Bununla yanaşı, siyasi partiyalar tərəfindən daxil olan təkliflərə diqqət
yetirilib. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif
daxil olub.
Həmçinin “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi ilə bağlı Sosial Tədqiqatlar Mərkəzi
tərəfindən sorğu aparılıb. Sorğu zamanı vətəndaşların 40 sual ətrafında mövqeyi öyrənilib. Sorğu
iştirakçıları arasında gender bərabərliyi təmin olunub. Ötən il oktyabrın 24-də Milli Məclisdə
parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və
nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə
keçirilib.
“Siyasi partiyalar haqqında” köhnə Qanun 1992-ci ildə qəbul edilib. 1995-ci il Konstitusiyasında
isə birləşmək hüququ, o cümlədən siyasi partiya yaratmaq hüququ təsbit edilib. Bununla yanaşı, bu illər
ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib və bu sahədə
olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi zəruridir. Eyni zamanda, son 30 il ərzində
Azərbaycanın müstəqil dövlətçiliyi möhkəmlənib, ərazi bütövlüyü təmin olunub. Vətən müharibəsi
dövründə siyasi partiyaların sivil siyasi mübarizə mühitini nümayiş etdirmələri bütövlükdə siyasi
partiyalar haqqında qanunvericiliyə yeni aspektdən baxmağı zəruri edir.
Siyasi partiyalar haqqında yeni qanunvericilikdə siyasi partiyanın anlayışı, partiyaların təsis
edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən
maliyyə yardımı, ianələrlə bağlı məsələlər göstərilir. Avropa İnsan Haqları Konvensiyasının müvafiq
maddəsi birləşmək azadlığının tərkib hissəsi kimi siyasi partiyalarda birləşmək hüququnu qoruyur. Digər
tərəfdən, hər kəsin qanunla təsbit olunmuş və demokratik cəmiyyət üçün zəruri olan məhdudiyyətləri də
nəzərdə tutur.
Qanuni partiya quruculuğu modelinə keçid ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident
İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə yeni hakimiyyət quruculuğu və 2020-ci
ildə Vətən müharibəsində parlaq Qələbədən sonra yeni ictimai-siyasi reallıq yaranıb. Həyatın bütün
sahələrində köklü dəyişikliklərə nail olmaq, dövlət kimi partiyaların da proqram və konsepsiyalarının
yenilənməsini zəruri edir.
Təqdim edilən yeni qanun layihəsi partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi
tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi sistemi və partiyalar institutu öz
inkişafının yeni tarixi mərhələsinə qədəm qoyacaq. Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca
göstəricisi kimi təsbit olunub.
Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi