

Zaman dəyişir, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycan daim iqtisadi və siyasi
islahatların vəhdətliyini qorumaqla davamlı inkişafını şərtləndirir. Bu fikir dövlət başçısı İlham Əliyev
tərəfindən xüsusi qeyd edilir ki, elə ölkələr var iqtisadi inkişafı ilə diqqətdədir, amma demokratik
inkişafın səviyyəsi aşağıdır. Elə ölkələr də var ki, əksinə, demokratik inkişaf yüksəkdir, iqtisadi tərəqqi
aşağı səviyyədədir. Lakin Azərbaycanda iqtisadi və siyasi islahatların vəhdətliyi daim qorunur.
Ölkəmizdə demokratikləşmə yalnız bir şüar, niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafının əsasıdır.
Ölkəmizdə demokratik təsisatların inkişafı göz qabağındadır. Azərbaycan ilk gündən demokratiya
yolunu seçərək bu istiqamətdə inamlı addımlar atır.
Hər bir ölkənin inkişafında siyasi partiyaların rolu böyükdür. Ölkənin siyasi sisteminin əsas
təsisatlarından olan siyasi partiyalar milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri
tədbirləri görməlidirlər. Siyasi partiyalar arasında sağlam dialoq mühitinin formalaşması hədəflərə
yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək.
Siyasi islahatların partiyalararası geniş dialoq aparılmadan həyata keçirilməsinin
mümkünsüzlüyünü bildirən ölkə Prezidenti İlham Əliyev qeyd edir ki, bir partiya – hakim partiya
təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır. Azərbaycanın yeni
siyasi konfiqurasiyası formalaşır. Cənab İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, qanunvericilik
sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və
Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq: “Hazırda siyasi partiyanı
yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır.
Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və
iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan
bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran
məsələlərdən biri olacaqdır.”
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu bu kimi məqamlara işıq saldı. Yeni sənəd
gələcəkdə siyasi partiyaların təkmil fəaliyyətində öz sözünü deyəcək. Məlum olduğu kimi, Milli
Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun
layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər. Həmin müraciətdə ölkəmizin
müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni Qanunun hazırlanmasının vacibliyi
öz əksini tapmışdı. Reallıqlarımız fonunda qəbul olunan "Siyasi partiyalar haqqında" yeni Qanun siyasi
dialoq mühitinin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərəcək.
1992-ci ildə “Siyasi partiyalar haqqında” Qanunun qəbul olunmasından bugünədək sənədə 27
dəfə əlavə və dəyişiklik edilib. İllər keçdikcə ölkənin həyatında yeniliklər baş verir, yeni tələblər qarşıya
qoyulur ki, bunlar da öz növbəsində yeni sənədlərin qəbuluna yol açır. Hazırkı dövrdə tarixi
Zəfərimizin reallıqlarını nəzərə alsaq siyasi islahatların dərinləşdirilməsi inkaredilməzdir. Yeni qəbul
edilən “Siyasi partiyalar haqqında” Qanunla bağlı təhlillərdə bu fikir xüsusi qeyd edilir ki, sənəd
partiyaların fəaliyyətində nəzərəçarpacaq dəyişikliklərə yol açacaq. Buna əsas verən Qanunda günün
tələblərindən irəli gələn müddəaların olmasıdır.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru