

Cari ilin yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli
televiziya kanallarına müsahibə verib. Dövlət başçımız müsahibədə jurnalistlərin Azərbaycanda 2022-ci
ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə,
işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər
məsələlərə dair suallarını cavablandırıb.
Cənab Prezident İlham Əliyev jurnalistərin suallarını cavablandırarkən verərkən bildirmişdir ki,
“Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Əlbəttə, bizim üçün bu layihə
təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu
layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda,
10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada “Zəngəzur dəhlizi” sözü
yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil
etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar
Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi
Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən
çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq.”
Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsinin başa çatmasını təsdiq edən
tarixi 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasından iki ildən çox vaxt ötür ki, bu sənəd savaşdan
öncə Azərbaycanı dəfələrlə hədələyən, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma aparan
Ermənistanın biabırçı hərbi kapitulyasiyası aktı oldu. Üç rayonun - Ağdam, Kəlbəcər və Laçının
döyüşsüz, bir güllə atmadan qaytarılması isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti
diplomatik uğuru kimi qiymətləndirildi. Sənədin 9-cu bəndinə əsasən isə tərəflər üzərlərinə bir sıra
öhdəlik götürdülər. Bu Bəyanatdan sonra iki ölkə arasındakı münasibətlərin inkişafı post-münaqişə
dövrünün qanunauyğunluqlarına müvafiq olaraq məhz Bəyanatda əks olunmuş tələblərin yerinə
yetirilməsinə əsaslanır. Azərbaycan tərəfi Bəyanatın tələblərinə uyğun olaraq əks-hücum əməliyyatlarını
dayandırıb və Azərbaycan ərazisində ermənilərin kompakt yaşadığı əraziyə maneəsiz dəhlizi təmin edib.
Ermənistan isə Bəyanatın bir neçə bəndi üzrə öz öhdəliklərini yerinə yetirməyə tələsmir. Bəyanatda
qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası
vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili
məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin
təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik
Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası
təmin ediləcək.
Son iki ildə Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən bütün görüşlərdə Ermənistan
10 Noyabr Bəyanatına sadiqliyini təsdiq etsə də tələblərin yerinə yetirilməsi üzrə əməli addımlar
atılmır.
Üçtərəfli bəyannamələrə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə
qarşıdakı dövrdə Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi,
həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Hazırda Ermənistanı tərk edənlərin
sayı sürətlə artmaqda davam edir. Görülən bütün tədbirlərə baxmayaraq, bu ölkədə əhalinin sayı sürətlə
azalır, xaricə köçənlər durmadan artır.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri