isaznow.com
Az Iw En Ru

Azərbaycan etibarlı tərəfdaş kimi tanınır

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində
bir çox mühüm məsələlərə toxunub. Dövlətimizin başçısı  müsahibəsində mühüm tarixi və siyasi
məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və
əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin vacib
mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etmiş oldu.
Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin
olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu bildirib. Ölkəmizin bu mövqeyi dəyişməzdir. İlk
növbədə, 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın tələbləri yerinə yetirilməli,
Ermənistan bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Həmçinin
Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar konkret addımlar atmalı, vaxtında
sülh müqaviləsinə hazırlıq işləri görməlidir. Digər tərəfdən,  Ermənistanın Azərbaycanın Rusiya
sülhməramlılarının nəzarətində olan ərazilərində təbii sərvətlərimizi qanunsuz istismar etməsi, ekoloji
terror törətməsi yolverilməzdir.  Azərbaycanın bu ərazilərdə baş verən proseslərə öz mövqeyini ortaya
qoyur. Laçın yolunda ekoloqların dinc etiraz aksiyası da bunu təsdiqləyir. Eyni zamanda, Ermənistan
vaxtaşırı olaraq hərbi təxribatlar törədir. Ermənistan anlamalıdır ki, bütün təxribatların qarşısı qalib
Azərbaycan Ordusu tərəfindən alınacaq və onun bu siyasəti özü üçün çox ağır nəticələr verəcəkdir.
Digər mühüm məsələ Azərbaycanın regionda kommunikasiyaların bərpası ilə əlaqədar böyük
təşəbbüslər irəli sürməsi və qətiyyətli mövqe göstərməsidir. Xüsusilə də, Zəngəzur dəhlizinin açılması
məsələsi   mühüm yer tutur. Bu,  regional iqtisadi əməkdaşlığın inkişafı və region ölkələri arasında
işgüzar əlaqələrin gücləndirilməsi baxımından strateji əhəmiyyətlidir. “Biz nəqliyyat sahəsində
layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin
əhəmiyyətini daha da artırır», deyən dövlət başçı Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafı
ilə bağlı sualı cavablandırarkən söyləyib. Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-
Cənub dəhlizi ilə bağlı bütün əsas işlərin yekunlaşdığını bildirən dövlətimizin başçısı deyib: “Biz hesab
edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon
tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın
bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta
Dəhlizlə rəqabət apara biləcək layihədir”.
Prezident İlham Əliyev Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafında Zəngəzur
dəhlizinin əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən söyləyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu
layihəsinin genişləndirilməsi ilə ciddi məşğuluq: “Keçən il göstəriş verilib və büdcədən 100 milyon
dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini
indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Amma bu da kifayət etməyəcək”.
Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsi Azərbaycan reallıqların beynəlxalq
ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında
mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, anti-Azərbaycan dairələrin əks-
təbliğatının darmadağın edilməsi üçün də böyük əhəmiyyət daşıyır.
Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi


03:08 15.01.2023