isaznow.com
Az Iw En Ru

Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır

Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmiş, ayrı-ayrı idman növləri üzrə güclü
idmançılar yetişmişdir. Ulu öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizdə bir çox sahələr kimi,
idmanın da inkişafı istiqamətində mühüm işlər həyata keçirib. Müxtəlif dövrlərdə respublikamıza
rəhbərlik edən dahi şəxsiyyətin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan əsl idman ölkəsinə
çevrilib. Olimpiya hərəkatının inkişafına xüsusi önəm verən ümummilli liderin diqqət və qayğısı
nəticəsində idmançılarımız beynəlxalq arenalarda yüksək naliyyətlər qazanıblar. Bu missiya indi də
cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Cari ilin yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib.
Mərasimdə çıxış edən ölkə başçısı cənab İlham Əliyev 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu il
olduğunu vurğulayıb. Prezident İlham Əliyev idman sahəsində əldə olunan nailiyyətləri yüksək
qiymətləndirmiş, həmçinin idmançılarımızın ölkəmizi dünya və Avropa çempionatlarında ləyaqətlə
təmsil etdiklərini xüsusilə qeyd edib.
Cənab prezident çıxışında qeyd etmişdir ki, “Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə
olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl
medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu
yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya, Avropa
çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında
xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam
Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu
dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq
görülmüşlər”
Bu da öz növbəsində dövlətimizin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. 
Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident
İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam
ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Respublikamızda idman
bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin əksər regionlarında müasir
standartlara cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək
idmançılarımızın istifadəsinə verilir.
Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli
təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır və gələcəkdə də lazımi işlər
görüləcəkdir. Məsuliyyəti artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir, ölkəmizin
inkişafına, beynəlxalq aləmdə nüfuzunun daha da artmasına və qarşıya qoyulan vəzifələrin real həyata
vəsiqə qazanmasına öz töhfələrini verir.
Varis Rüstəmov, 
YAP Sabirabad rayon təşkilatının sədri


16:45 14.01.2023