isaznow.com
Az Iw En Ru

Azərbaycanın idman siyasəti böyük zirvələrin fəthini reallaşdırır

Gənc və müstəqil Azərbaycanda bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Hazırda
Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Sözsüz
ki, bu uğurların təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır.
İdmanın inkişafı bir neçə vacib məqsədlə təmin edilir: ilk növbədə, ölkəmizin idman şöhrətini
yüksəklərə qaldırır, eyni zamanda, idmanın kütləviliyini təmin edilir. İdman infrastrukturunun
yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır. Azərbaycan nisbətən gənc müstəqil dövlətdir.
Ancaq, bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilmişik. Bu gün
Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır və idman ölkəsi adını qazanmaq asan
məsələ deyildir.  Azərbaycan idmanı yeni dövrə qədəm qoyub və yeni başlanğıcın da önündə
olimpiyaçılarımız gedir. Azərbaycan olimpiyaçılarının nailiyyətləri xalqımızın qürur mənbəyinə
çevrilib. Onların göstərdiyi şücaət gənclərin istinad yeri olmaqla yanaşı, həm də vətənpərvərlik
öyrəndiyi bir məsələdir.  Azərbaycan olimpiyaçıları davamlı olaraq ölkəmizə medallar gətirib, qələbələr
qazandırması gənclərin bu sahəyə olan marağını yüksəldir. Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın
inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir.
Aidiyyəti dövlət orqanları bu cür idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda
iştirakını daim maliyyələşdirir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı
tədbirlər görürlər.
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi
potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu
baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm
qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq
miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki
uğurlarımızın əsasını təşkil edir.  Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan
nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz
konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezident İlham
Əliyevin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün
amillər Azərbaycanda var. Prezident İlham Əliyevin şəxsi səyi sayəsində bölgələrdə gənclərin sağlam
şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun-gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı
addımlar atılır.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru


15:44 14.01.2023