isaznow.com
Az Iw En Ru

Milli həmrəylik ən böyük gücdür

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində
saxlayan Ulu Öndər Heydər Əliyev 1991-ci ildə həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və
ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Bu gün Dünya azərbaycanlılarının həmrəylik günü dünyanın
70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və
həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı
olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Dünyanın
müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi
varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya
azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə,
xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim
qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-
mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları
yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır,
respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji
təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi
sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində
təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
Müzəffər Ali Baş Komandanımız İlham Əliyev xarici ölkələrdə yaşayan azərbaycanlılarla
əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmişdir. Həmçinin bu gün
dövlət başçımız tərəfindən mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə
səsləşən genişmiqyaslı tədbirlər həyata keçirilir. Xaricdə yaşayan hər bir azərbaycanlının maraq və
mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edən cənab Prezidentin bu
istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli
ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük
töhfələr verir.
İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının Ali Baş Komandanımız ətrafında sıx səfərbər
olduğunu bir daha göstərdi. 44 günlük haqq savaşımızda dünyanın bütün ölkələrində yaşayan
azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları
ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər.Məhz Prezident İlham
Əliyevin vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə birləşdirdi. Nəticədə
böyük  Zəfəri hər bir azərbaycanlı qürurla yaşadı.
Ülviyyə Ağayeva,
4 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


17:31 31.12.2022