isaznow.com
Az Iw En Ru

31 Dekabr - Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günüdür

31 dekabr 1989-cu il tarixindən bizi 33 il ayırır. Azərbaycanın ən yeni tarixinə "Sərhəd hərəkatı"nın baş
verdiyi gün kimi daxil olan həmin gün indiki yaşlı və orta nəslin hafizəsində dərin iz buraxıb. Məhz həmin gün
xalqın iradəsi və yenilməz gücü ilə SSRİ-nin dövlət sərhədindəki tikanlı məftillər və istehkamlar sökülmüş, bir-
birindən ayrı salınmış vətən övladlarının qovuşması üçün imkan yaranmışdı. Sovet İttifaqının Azərbaycan SSR
ərazisindəki İran və Türkiyə ilə dövlət sərhədi yüz minlərlə Azərbaycan oğul və qızının sel gücü ilə bir gündə
aradan qaldırılmışdı. Bu günü rəsmiləşdirən, xalqın tarix səlnməsinə öz imzası ilə həkk edən isə Ümummilli Lider
Heydər Əliyev oldu. Onun imzası ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi ən yeni
tariximizə qızıl hərflərlə yazıldı. İndiki məqamda Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın istənilən
nöqtəsində yaşayan soydaşlarımızın bütünləşdiyi, vahid bir mərkəzdə cəmləşdiyi məqam kimi xarakterizə olunur.
Müstəqil Azərbaycan dövlətçiliyinin memarı, böyük siyasi və ictimai xadim, Ümummilli liderimiz Heydər
Əliyevin adı ilə bağlı olan bu tarixi gün Azərbaycan xalqının bütövlük, milli-mənəvi dəyərlərə sadiqlik, Vətən
naminə mücadilədə sədaqət andının fəlsəfi əsasıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə
keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul
ediləndə hələ SSRİ-nin qılıncının dalı da, qabağı da kəsirdi. Məhz onda- SSRİ-nin mövcud olduğu bir dövrdə
müstəqil dövlətçiliyin əsasları qoyuludu. Naxçıvan MR Ali Məclisi bununla bağlı qanunvericilik aktının qəbul
olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali
Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan
olunması barədə qanun qəbul etdi və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Bu gün isə
Ulu Öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – kəlamları hər bir həmvətənimiz üçün milli
qürur rəmzinə çevrilmişdir. Ulu Öndər o günlərin əhəmiyyətini qeyd edərək deyirdi ki, “Biz hələ
müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də “Dünya Azərbaycanlılarının Həmrəylik günü
haqqında” qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada
yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın
müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir”.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlıların milli
birliyini, həmrəyliyini simvolizə edən, eyni zamanda, bu birliyi möhkəmləndirən əlamətdar tarixdir. Həmrəylik
günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə
təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında
daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin
ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.Həmrəylik günü Azərbaycan diasporu
üçün ən mühüm bayrama çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq,
onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Çünki bu gün dünya azərbaycanlıları
qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan
müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və
həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli
maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün
reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının
görmək istədiyi ideal məmləkətə çevirib. Bəli, 1991-ci ildə qəbul olunan bu qərar həm də bütün soydaşlarımızın
vahid mərkəzdə toplanması, bütün azərbaycanlıların Vətəni olan Azərbaycan dövlətinin gələcək inkişafında
yaxından iştirak etməsinin vacibliyinin dərki günü kimi xarakterizə olunmalıdır. Məhz Ulu öndərimiz Heydər
Əliyevin iradəsi əsasında qəbul olunan bu qərar müasir Azərbaycan dövlətinin inkişafında, Azərbaycan
həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında və təbliğində mühüm rol oynadı. Digər tərəfdən, məhz Həmrəylik
Gününün əməli davamı sayılan dünya azərbaycanlılarının qurultayları milli birliyimizin daha da
möhkəmlənməsində müstəsna rola malik oldu.II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan,
vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş
etdirdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir
azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi və biz tarixə Zəfər günü adlı səhifə yazdıq.
Azərbaycanın yaxın dövrdə yeni zəfərlərə imza atacağı, tarixin yeni şanlı səhifələrini yazacağı heç kimdə şübhə
doğurmur. Ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaqdır!" dahiyanə sözləri bu gün
real həyatda özünü təsdiqləyir. Müstəqilliyimizin simvolu olaraq ruhumuza hakim olan bu həmrəylik və möhkəm
birlik Vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz
bəhrəsini verəcəkdir.
Mahir Zahidov,
Sabirabad rayonu, Mil-Muğan Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri


20:28 30.12.2022