isaznow.com
Az Iw En Ru

Dünya azərbaycanlılarının həmrəylik günü Ümummilli Liderin adı ilə bağlıdır

Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd
olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi
Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx
ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya
müsteqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir
amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada
yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və
tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv
şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sanır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir.
Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli
oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxardı, 1989-cu ilin soyuq, şaxtalı qış günündə minlərlə
soydaşımız tarixin ədalətsiz hökmünə - təxminən 200 il bundan əvvəl bağlanmış Türkmənçay və
Gülüstan sülh müqavilələrinin şərtlərinə etiraz əlaməti olaraq Araz çayının sahilinə toplaşdılar, doğma
Azərbaycanı ikiyə bölən tikanlı məftilləri dağıtdılar. Beləliklə, 31 dekabr Azərbaycanın tarixinə Milli
Həmrəylik Günü kimi daxil oldu. Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli liderimiz Heydər Əliyevin
adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz
gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31- nin
Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya
azərbaycanlılarının hər il yüksək sevinclə qeyd etdikləri milli bayrama çevrilmişdir. Hazırda dünyanın
müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların
təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət
siyasətinin mühüm istiqamətini təşkil edir. 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya
Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə
mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Tədbirdə 36
xarici ölkədə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən artıq təşkilatın 406 nümayəndəsi və 63
qonaq iştirak edirdi. Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici
ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra dünya
azərbaycanlılarının arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində daha məqsədyönlü iş
aparılır. Dövlət komitəsi Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə əlaqələndirilməsində,
dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunmasında, bu sahədə mövcud
problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.
Azərbaycanlıların birləşdirilməsi yönündə həyata keçirilən bu və ya digər tədbirlər artıq öz
səmərəsini verir. Belə ki, Azərbaycan diasporu beynəlxalq aləmdə milli maraqlarımızın təmin
olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında böyük
təsir gücünə malik bir qüvvəyə çevrilmişdir.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağasaqqalar Şurasının sədri


18:26 30.12.2022