isaznow.com
Az Iw En Ru

Qərbi Azərbaycana Qayıdışın prioritet istiqamətləri

Dövlət başçısı İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında
yaradılan şəraitlə tanış olduqdan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü çoxəsrlik
tariximizin ayrı-ayrı dövrlərində xalqımızın yaşadığı faciələrin dünyaya təqdimatında əhəmiyyətli rol
oynadı. Bu əminlik ifadə edildi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların
yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bu çağırışlar da
edildi ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri
daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaq. Hüquqi müstəvidə bütün lazımi
tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və
hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu bizə göstərəcəklər.
Əsas çağırışlardan biri budur ki, tarix təhrif olunmamalıdır. 1918-ci ildə yeni yaradılmış
Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində tarixi şəhərimizi – İrəvanı Ermənistana
faktiki olaraq bağışlamışdır. Dövlət başçısı bildirir ki, bu, bağışlanmaz bir addım, xəyanət və cinayət idi.
Xalqımız bunu bilməlidir. “Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub”
söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması,
qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik
Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya
miqyasında, müsəlman aləmində ilk respublika idi. Baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni
zamanda, tariximizin qara səhifələrini də unutmamalı, ört-basdır etməməliyik: “Birincisi, tarixi həqiqət
təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.”
Tarixi həqiqətlərə nəzər salaq. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin
təkidi ilə digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu,
xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet
hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi
nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.
1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin
Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. 1980-ci
illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin
hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki
havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən
uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu
və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı.
Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildilər. Bütövlükdə 300-dən çox
şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı,
qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin
avqustunda deportasiyaya məruz qaldı.
Bunlar tarixdir. Tarix faktlara əsaslanmaqla yanaşı, heç zaman saxtakarlığı sevmir. Azərbaycanın
44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm Zəfərində tarixi həqiqətlərə və real faktlara
əsaslanan təbliğatı, diplomatik mübarizəsi nəticəsində münaqişənin həlli bağlı yaradılan möhkəm hüquqi
baza əhəmiyyətli rol oynadı. Bu gün xalqımız tam əmindir ki, tariximizə söykənərək Qərbi Azərbaycana
da qayıdışımız tezliklə reallığa çevriləcək. Dövlət başçısı İlham Əliyevin birgə səylərimiz əsasında
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının işlənib hazırlanmasını qarşıya əsas hədəf kimi qoyması
özündə bütün məqamları ehtiva edir.
Lalə Əliyeva,
Sabirabad rayon Salmanlı kənd tibb məntəqəsinin müdiri


15:58 28.12.2022