isaznow.com
Az Iw En Ru

Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar

Öz ad gününü Qərbi Azərbaycana həsr edən Prezident cənab İlham Əliyev dekabrın 24-də Qərbi
Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı
ilə görüşdü, tarixi faktlara söykənən maraqlı çıxış etdi, verdiyi mesajlarla qəlblərdə yeni bir inam yaratdı:
Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi
diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi
azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.
Prezident cənab İlham Əliyev Qərbi Azərbaycanın tarixi torpaqlarımız olmasını faktlarla əsaslandırdı.
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir,
bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim
bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər,
ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX
əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır,
şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu
Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu
istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə
hesablanmış tərzdə aparacaqdır.
Bəli, dövlətimizin başçısının da vurğuladığı kimi, ermənilər əzəli torpaqlarımızdakı tarixi, dini abidələrimizi
darmadağın etməklə yanaşı, həm də yer adlarımızı sıradan çıxarmışlar. Qondarma adlar Azərbaycanın tarixi
yurdlarına yamaq olaraq yapışdırılmışdır. Həmin adların geri qaytarılması isə o torpaqların azadlığı qədər vacibdir
ki, bununla bağlı da dövlətimizin rəhbəri tapşırıqlar vermişdir.
“Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük
fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma
torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci
ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi –
İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi.
Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.
Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub”,-deyən Prezident cənab İlham Əliyev
daha sonra vurğulamışdır: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən
dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək
qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki,
cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır
etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə
hamımız üçün dərs olmalıdır.
O vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm
ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Əgər kimsə hesab edirdi ki,
İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər
kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci ildə sovet hökumətinin qərarı
və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana
birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni
millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən
coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.
Yəni, görün, cəmi iki il ərzində xalqımızın başına nə qədər böyük bəlalar gətirildi. Əgər kimsə hesab
edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola
bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və
dediyim kimi xəyanət idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman
öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan.
Bəli, iki ildə edilən səhvlər bu xalqı 100 ildir ki, böyük çətinliklərlə üz-üzə qoyub. Həm tarixi
torpaqlarımız əlimizdən gedib, həm də ölkəmizin bir hissəsi ilə olan əlaqələrimiz. Bütün bunların bərpası üçünsə
təbii ki, zaman lazımdır. Çünki biz yenicə böyük və ağır müharibədən çıxmış xalqıq. Əsas məsələ torpaqlarımızın
işğaldan azad edilməsi idisə, növbəti məsələ isə Qərbi Azərbaycanla bağlıdır.
İsrəfil Əslanov,
Sabirabad RİH başçısının Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


06:57 28.12.2022