

Azərbaycan dövlətinin müstəqilliyi möhkəmləndikcə, hərbi-siyasi, sosial-iqtisadi gücü artdıqca
milli-tarixi yaddaşımız xalqımıza sahib olduqlarına yenidən qayıtmaq kimi mühüm bir missiyanı diqtə
edir. Necə ki, illər ötsə də, Qarabağımızı, Şərqi Zəngəzurumuzu unutmadıq və 30 il sonra müzəffər Ali
Baş Komandanın rəhbərliyi ilə həmin torpaqlara qayıtdıq, eləcə də 100 il öncə zorla və siyasi
hiyləgərliklə Azərbaycandan qoparılmış Zəngəzur, Mehri ərazilərini, indiki leksikonla desək, Qərbi
Azərbaycanımızı da unutmuruq. Hətta, bu gün radikal siyasi qruplaşmalar tarixi təhrif etməyə çalışsa da,
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı ermənilərə bağışlamasını da unutmuruq və bu
addımı xəyanət və cinayət kimi qiymətləndiririk. Soyqırımılar və deportasiyalar tarixi də xalqımızın qan
yaddaşı olduğundan böyük ədalətsizlikləri və cinayətləri görməzlikdən gəlmək mümkün deyil.
Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız da tarixi diyarımız olan Qərbi
Azərbaycana qayıdacaqlar. Necə ki bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanlar tarixi
dədə-baba torpaqlarına qayıdıblar, eləcə də Qərbi Azərbaycandan olan soydaşlarımız da həmin yerlərə
qayıdacaqlar. Baxmayaraq ki, sonuncu deportasiyadan 34 il ötür, lakin həmin soydaşlarımızın yaxınları,
uşaqları, nəvələri bu qayıdışın əsas iştirakçılarına çevriləcəklər. Sirr deyil ki, xalqın tarixi yaddaşı
doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Təsadüfi deyil ki, deportasiyaya məruz qalmış
insanlarımızla söhbət zamanı aydınlaşır ki, bu gün də onlarda həmin yerlərin xəritələri, evlərinin
şəkilləri, kitablar, qəzetlər var. Bu kateqoriyadan olan soydaşlarımızın hər biri tarixi yerlərimizin niskili
ilə yaşadıqları və hər an qayıdacaqlarına böyük ümidlər bəslədikləri də gün kimi aydındır. Bu səbəbdən
də ermənilər Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da xalqımızın bütün tarixi, dini abidələrini
yerlə-yeksan ediblər, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Lakin buna nail ola bilməyiblər.
Çünki XX əsrin əvvəllərinə təsadüf edən xəritələr bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi
Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Tarixi faktlar, mənbələr də
sübut edir ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
Bu gün qarşımızda duran əsas vəzifələrdən biri də məhz Qərbi Azərbaycanla bağlı bütün
həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər
Heydər Əliyev dəfələrlə bu barədə danışıb və Qərbi Azərbaycan tarixi ilə əlaqədar faktları diqqətə
çatdırıb. Bu gün Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də
Qərbi Azərbaycan ilə bağlı fikirlərini qətiyyətlə səsləndirir, hətta qayıdışlar bağlı hüquqi, sülh xarakterli
fikirlərini bildirir. Ona görə də, xalqımızın hüquqi və tarixi tələbləri beynəlxalq müstəvidə
reallaşdırılmalı, sərgilər, təqdimatlar, beynəlxalq konfranslar, Azərbaycan diaspor təşkilatları ilə birlikdə
aksiyalar keçirilməlidir. Prezident İlham Əliyevin tövsiyələri əsasında Qərbi Azərbaycan İcmasının
xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmasları qurulmalıdır. Bir daha
Ermənistanın tarixi saxtakarlığı ifşa olunmalıdır.
Bilal Muxtarov,
Sabirabad Gənclərin Kariyera və İnkişaf Mərkəzinin əməkdaşı