isaznow.com
Az Iw En Ru

Ataları getdi, balaları hələ vəzifədədir – “Vurulan” məmurların övladları işdən çıxarılacaqmı?

“Vəzifədən gedən şəxslərin övladlarının, qohumlarının vəzifədə qalması dövlət üçün təhlükəlidir”.

Bu sözləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, sabiq məmur övladları vəzifədən anında getməlidirlər:

“Sovet dönəmində birinin doğması, yaxını hər hansı bir cinayət törədərdisə, onun nəslindən heç kimi vəzifədə saxlamazdılar. Çünki gedən məmurların yaxınları hər an təxribat törədə bilər və dövlət əleyhinə müəyyən işlər görə bilərlər. Ona görə də, o şəxslərin vəzifədə qalması düzgün deyil. Yaxşı olsa idi elə dədələri qalardı da. Bu səbəbdən də vəzifədən gedən məmur övladlarının işdə qalması Azərbaycan dövlətçiliyinə zərbədir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da vəzifədən azad olunan birinin yaxınlarının vəzifədə qalmasını təhlükəli adlandırıb:

 

“Müşahidəm onu göstərir ki, vəzifədən gedən şəxslərin arxasında hansısa xarici qüvvələr dayanır. Buna görə də, özləri getsə də, doğmaları vəzifədə qalıb işinə davam edir. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov milyardlarla pul mənimsədi, büdcəyə ciddi ziyan vurdu. Amma onunla bağlı heç bir tədbir görülmədi. Eldar Mahmudov və digər “iri” məmurlar da həmçinin azadlıqdadırlar”.

S.Cəlaloğlu belə məmurların yaxınlarının vəzifədə qalmasına təəssüf etdiyini bildirib:

“Bir şeyi deyə bilərəm ki, vəzifədən azad olunan şəxslərin işini davam etdirən qohumları, övladları hər kəs üçün təhlükəlidir. Çünki onların vasitəsilə vəzifəyə sahiblənən aşağı və orta təbəqəli məmur ordusu var. Bu isə o deməkdir ki, həmin insanlar yalnız hökumət üçün deyil, elə xalq üçün də təhlükəlidirlər və hər an təxribat törədə bilərlər”.

 


17:43 27.12.2022