isaznow.com
Az Iw En Ru

Azərbaycan və Serbiya arasında səmimi dostluq var

Azərbaycanın bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlər qurduğu
dövlətlər sırasında Serbiya Respublikası xüsusi yer tutur.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Azərbaycan ilə
Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. İki ölkə arasında keçirilən görüşlər zamanı
ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif
sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb.
Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd
imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq
haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi
əhəmiyyət daşıyır.
Cari ilin dekabrın 21-də ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti
Aleksandar Vuçiçlə dövlətimizin başçısının təkbətək görüş başa çatdıqdan sonra hər iki ölkə rəhbərinin
mətbuata bəyanatında səsləndirilən fikirlər də qarşılıqlı münasibətlər və perspektiv fəaliyyətlər barədə
aydın təsəvvür yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyanatında iki ölkə
əməkdaşlığında energetika sektorunun xüsusi yer tutduğunu, son vaxtlar bu sahənin böyük önəm
daşıdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın təbii resurslarının artıq
müxtəlif istiqamətlər üzrə, məsələn, Avropa qitəsinə, o cümlədən, Serbiyaya qonşu olan ölkələrə ixrac
edildiyini vurğulayıb. Ölkə rəhbəri belə bir əlverişli şəraitin həm zəngin təbii qaz, həm də elektrik
enerjisi potensialı sayəsində yarandığını bildirib. Prezident İlham Əliyev bəyanatında gələn ildən
başlayaraq, Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracı üçün əməli addımlar atılacağına da
əminliyini ifadə edib. Dövlətimizin başçısı onu da bildirib ki, “Dörd gün bundan əvvəl Azərbaycanın
elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə
çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün
bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli
formatda əməkdaşlıq edəcəyik”.
Azərbaycanla Serbiyanın dövlət başçılarının birgə səyləri nəticəsində iki ölkənin əlaqələri
hazırda strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu, özünü enerji sektorunda olduğu kimi, xarici iqtisadi
əlaqələrdə də göstərib. Belə ki, keçən il Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı kimi çıxış
edib. Həmin dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollara, o cümlədən
idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dollarına çatıb.
Cari ilin 10 ayında isə ticarət dövriyyəsi 27,51 faiz artıb. Ötən dövrdə imzalanan əməkdaşlıq sənədləri
digər əlaqələrin də yüksələn xətlə inkişafında əhəmiyyət rol oynayıb.
Dövlət başçımızın dost ölkəyə səfəri çərçivəsində prezidentlər İlham Əliyev və Aleksandar
Vuçiç tərəfindən “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında
Birgə Bəyanat”ın, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq
Şurasının yaradılması haqqında Memorandum”un və onun əlavəsi olan “Azərbaycan Respublikası və
Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”nin imzalanması yüksək
səviyyədə olan əlaqələrin daha da inkişafını, yeni mərhələyə yüksəlməsini şərtləndirib, qarşılıqlı maraq
doğuran sahələrdə əməkdaşlığı gücləndirib.
Qeyd olunmalıdır ki, Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi
bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu
mövqedən çıxış edir.
Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da
inkişaf etdirilməsinə maraq göstərir. Azərbaycan-Serbiya iqtisadi münasibətləri üçün zəngin
perspektivlər və etibarlı siyasi dayaq mövcuddur. Azərbaycan öz imkanlarını, potensialını bölüşməyi
bacaran və ən əsası potensial imkanlarını siyasi təsir vasitəsinə çevirməyən, multikultural bir dövlətdir.
Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf
edəcəyinə əminlik yaradır.
Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli
qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.
Zaur Dəmirov,
Sabirabad RİH başçısının Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


17:53 26.12.2022