isaznow.com
Az Iw En Ru

Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük iqtisadi potensial mövcuddur

Azərbaycan dövlətinin beynəlxalq nüfuzu gücləndikcə onun dostlarının və tərəfdaşlarının sayı da
davamlı olaraq artır. Belə dost və tərəfdaşlarımızdan biri də Balkanlarda əhəmiyyətli statusa malik olan 
Serbiyadır. Son bir neçə ildə bu ölkə ilə ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib, müxtəlif
sahələrdə əməkdaşlığın əsası qoyulub. 
Təbii ki, bu məsələdə dövlət başçılarının səmimi dostluqları və iki xalq arasındakı qarşılıqlı isti
münasibətləri də mühüm rol oynayır. 
Ötən ay Prezident İlham Əliyevin Belqrada, dekabrın 21-də isə  Serbiya Prezidenti Aleksandar
Vuçiçin Bakıya işgüzar səfərləri  bir daha iki dövlət arasındakı yüksək siyasi- iqtisadi əlaqələrin
mövcudluğunun  göstəricisidir. Bu ölkələrin münasibətlərində önəmli məqamlar ondan ibarətdir ki, hər
iki tərəf konstruktiv əməkdaşlıq niyyətindədir və milli maraqlara qarşılıqlı hörmətlə yanaşır. Təsadüfi
deyil ki, hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində qlobal əhəmiyyətli məsələlərdə bir-birilərinin
mövqelərini müdafiə edirlər.
Xüsusi vurğulanmalıdır ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərə dair önəmli
qanunvericilik bazası da mövcuddur. Bunların arasında əlaqələri strateji səviyyəyə çatdıran sənədlər
xüsusilə qeyd edilməlidir. Belə ki, hələ 2018-ci ilin may ayında Prezident Aleksandar Vuçiçin
Azərbaycana rəsmi səfəri zamanı «Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji
tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı» imzalanmışdı.
Ötən ay Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı dövlət başçıları «Azərbaycan
Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında
Memorandumu» imzaladılar. Dekabrın 21-də hər iki dövlət başçısı mətbuata bəyanatlarında
əməkdaşlığın davamlı olacağını  bildirdilər.  Prezident İlham Əliyev bu bərədə dedi: «Bir çox sahələr
üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji
tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi
bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq.»
Bu bir həqiqətdir ki, bu gün Azərbaycanla Serbiya arasında əlaqələrin daha da genişləndirilməsi üçün
böyük iqtisadi potensial mövcuddur.  Belə ki, ötən illərdə iki ölkə arasında ticarət dövriyyəsi artan xətlə
inkişaf edib. Hətta Azərbaycan şirkətləri Serbiyada infrastruktur layihələrinin həyata keçirilməsində
yaxından iştirak ediblər. Lakin bütün bunlar mövcud potensialı tam əks etdirmir. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, əldə edilmiş razılaşmaların icrası nəticəsində gələcəkdə ticarət dövriyyəsinin
daha iri həcmdə artması nəzərdə tutulub.
Azərbaycanla Serbiya arasında tərəfdaşlığın daha bir istiqamətini enerji sahəsində əməkdaşlıq
təşkil edir. Bu məsələ ölkəmizin başçısının noyabr ayında Serbiyaya rəsmi səfəri zamanı da müzakirə
edilmişdi. Yəni,  neft və qazla bərabər, tezliklə Azərbaycandan Avropaya elektrik enerjisi də idxal
olunacaq. İxrac edəcəyimiz ölkələrdən biri və mühümü isə Serbiyadır. Bundan başqa, müdafiə sənayesi
istiqamətində əməkdaşlıq nəzərdə tutulub. Xüsusilə hər iki ölkənin silahlı qüvvələri silah-sursat
təchizatında istehsal etdikləri məhsulların mübadiləsini də həyata keçirəcəklər.  
Səfər zamanı diqqətçəkən və ölkəmiz üçün qürurverici məqamlardan biri də Serbiya Prezidenti
Aleksandar Vuçiçin Prezident İlham Əliyevin siyasi fəaliyyəti və beynəlxalq nüfuzu barədə söylədikləri
oldu.  O, Azərbaycan xalqının və Prezidentinin səmimi dostu olduğunu bildirərək dedi: « Mən bu
səfərdən, həqiqətən də, çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də, çox
xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm.»
Bəli, Aleksandar Vuçiçin uğurlu Bakı səfəri bir bir daha göstərdi ki, prezidentlər səviyyəsində
mövcud olan yüksək siyasi dialoq və dostluq münasibətləri mövcud qarşılıqlı əlaqələrin dərinləşməsinə
yeni imkanlar yaradacaq.
Vüsal Əsgərov,
Sabirabad rayon Gənclərin İnkişaf və Kariyera Mərkəzinin könüllüsü


16:52 26.12.2022