

Məlum olduğu kimi, Serbiya prezidenti Aleksandar Vuçiç Azərbaycana işgüzar səfərə gəlib.
Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının təkbətək görüşləri keçirilib, mətbuata bəyanatlarla
çıxış ediblər. Azərbaycan və Serbiya prezidentlərinin çıxışlarında səslənən fikirlərin ümumiləşdirilmiş
məntiqi ondan ibarətdir ki, Azərbaycan-Serbiya əlaqələri dostluq və qarşılıqlı anlaşma üzərində qurulub.
Eyni zamanda, iki ölkənin bir çox sahələr üzrə əməkdaşlığının böyük tarixi var və sirr deyil ki, Serbiya
və Azərbaycan strateji tərəfdaşdırlar.
Azərbaycan və Serbiya öz resurslarına arxalanan, müstəqil siyasət yürüdən ölkələrdir: “Bu
mənada, bu gün bir-biri ilə sıx əlaqədə olan Azərbaycan və Serbiyanın gələcək əməkdaşlıq əlaqələrinin
daha da gücləndirilməsi üçün mühüm amillər mövcuddur. Onu da əlavə etmək lazımdır ki, ölkələr hər
zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz
olaraq qalacaq.
Prezident İlham Əliyevin bildirdiyi kimi Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı
ancaq nikbin fikirdə olmaq olar. Belə ki, iki ölkə arasında qəbul edilmiş qərarların reallaşdırılması ilə
inkişaf dinamikasını yüksəltmək, ticarət, nəqliyyat-logistika, energetika, müdafiə sənayesi və başqa
sahələrdə uğurlu əməkdaşlıq nümunələri ortaya qoymaq mümkündür. Heç şübhəsiz ki, iki ölkənin əldə
etdiyi qarşılıqlı razılaşmaların icrası əsasında ticarət dövriyyəsi artacaq. Eləcə də uğurlu əməkdaşlıq
özünü Azərbaycan və Serbiya ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə birgə fəaliyyətdə
də göstərəcək. Əlbəttə ki, ən geniş və mühüm əməkdaşlıq sektorlarından birini də energetika sahəsi
təşkil edir. Hazırda Avropaya qaz nəqlini həyata keçirən Azərbaycanın Serbiya ilə həm təbii qaz, həm də
elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanları var. Bu gün 22 milyard kubmetr qaz ixrac edən
Azərbaycan gələcək illər ərzində potensialını 35 milyard kubmetrə qədər artıracaq. Azərbaycan Cənub
Qaz Dəhlizi, TANAP, TAP layihələri ilə digər enerji qaynaqlarının da Avropaya ixracı üçün əlverişli
şərait yaradır. Yəni, bu gün Azərbaycan Avropanın enerji təminatı mənbəyidirsə, gələcəkdə həm də
enerji koridoru, qovşağı olacaq. Serbiya da öz növbəsində 2023-cü ildə qaza olan tələbatının 40 faizə
qədərini Azərbaycan hesabına bağlamağı planlaşdırır. Bu məqamda elektrik enerjisinin ixracı və idxalı
sahəsindəki əməkdaşlıq münasibətlərini qeyd etmək lazımdır. Çünki Serbiyanın elektrik enerjisinə olan
tələbatının 10 faizini də idxal edir. Qış aylarında isə bu rəqəm 30 faizə qədər artır. Ona görə də bu
ölkənin elektrik enerjisi idxal etmək planları da genişdir. Belə məqamda Qara dəniz vasitəsilə
Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən elektrik paylayıcı şəbəkənin yaradılması xüsusi
əhəmiyyət kəsb edir. Bu fonda isə təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan, təsdiq
olunmuş bərpaolunan enerji potensialının 167 qiqavatdan çox olan Azərbaycanın Serbiyanın da enerji
təhlükəsizliyinin təminatı nöqteyi-nəzərdən əvəzsiz rolu bir daha diqqət mərkəzinə gəlir.
Elçin Nəsibov,
Sabirabad rayonu “Muğanın Səsi” qazeti redaksiyasında jurnalist