

Sərnişin nəqliyyatında kartla ödəniş sisteminə keçid istiqamətində tədbirlər davam etdirilir. Hazırda paytaxtın şəhərdaxili avtobus marşrutlarında həm nağd, həm də kartla ödəniş etmək mümkündür. Gələn ilin mart ayından isə kart-ödəniş sisteminin tam tətbiqi gözlənilir. Prosesin sürətləndirilməsi üçün əlavə hansı tədbirlər görülməlidir?
Bu sualı cavablandıran nəqliyyatçı-ekspert Rauf Məmmədov Kanal24.az-a bildirib ki, ictimai nəqliyyatda kartla ödəniş mütərəqqi sistemdir. Azərbaycanda, ilk növbədə, Bakıda sərnişin daşımalarında bu sistemin tətbiqi bir sıra problemlərin həllinə yol açacaq.
Kartla ödəniş sisteminə keçidin ləng getməsinin bir sıra amillərlə bağlı olduğunu vurğulayan ekspert deyib: “İnsanlar uzun illər istifadə etdikləri və öyrəşdikləri sistemdən qısa bir vaxtda əl çəkə bilmirlər. Avtobusda gediş haqqı ödəyib bilet almaq yalnız yaşlı nəslin yaddaşında qalıb. Burada psixoloji amil də var: məsələn, bəziləri belə hesab edir ki, kartla əməliyyat vaxt aparır, pulu sürücünün özünə vermək bu baxımdan daha sərfəlidir. Bunu nəzərə alaraq sərnişin mədəniyyətinin formalaşdırılması istiqamətində də geniş maarifləndirmə işi aparılmalıdır”.
Problemin həlli yolları barədə fikirlərini bildirən R.Məmmədov qeyd edib ki, ümumiyyətlə, ictimai nəqliyyatda sürücünün gediş haqqını nağd almaq istəyi də bir çox məsələlərlə bağlıdır. Əlbəttə ki, indiki halda kartla ödəniş sistemi sürücüyə sərf etmir və sistemin işləməməsində o da maraqlı tərəf olur. Bu mənada, avtobus sürücülərinin əməkhaqqı sisteminə keçidi ilə ictimai nəqliyyatda yaşanan xoşagəlməz halların bir çoxu aradan qalxacaq.
O ki qaldı, sərnişin axınının gur olduğu saatlarda avtobuslarda bu sistemin özünü doğruldub-doğrultmayacağına, R.Məmmədov bunun üçün ödəniş aparatlarının avtobus salonunda düzgün yerləşdirilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, sərnişinlər indiki halda da növbə ilə ödəniş edirlər. Bu baxımdan kartla ödəniş sistemi daha əlverişlidir. Yəni sərnişin avtobusa mindiyi anda ödəniş edir və sonradan növbə gözləməyə ehtiyac qalmır.
“KİV vasitəsilə maarifləndirmə işi aparmaq, müvafiq qurumlar tərəfindən ciddi nəzarət həyata keçirmək lazımdır. İnanıram ki, bu işdə ardıcıllıq və prinsipiallıq qısa müddətdə öz nəticəsini verə bilər”, - deyə R.Məmmədov əlavə edib.